Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub

19:24 - 25 İyul 2016 - KİVDF

Bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməyib

 Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olsa da, bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, müstəqil respublika yaratmaq yönündə səylərin qarşısını almaq cəhdi qeyri-mümkün olmuşdur. Tarixçilər də Azərbaycanın dövlətçilik tarixinin qədim olduğunu bildirirlər. Tarix elmlər doktoru Qasım Hacıyev bildirib ki, Azərbaycan qədim insan yaşayış məskənlərindən biridir, bunu dünya alimləri də deyir. Dünya miqyasında ən qədim yaşayış yerlərindən biri Qarabağ bölgəsindəki Azıx mağarasıdır. Bu sübut olunub. Azıxantropun yaşadığı ərazinin özü arxeoloji baxımdan öyrənilib. Bunlar dövlətçilik tarixinə aid olmasa da, insanlığın yaranmasının özü dövlətlərin yaranmasına gətirib çıxarıb. Onun sözlərinə görə, Quruçay mədəniyyəti ilk insan mədəniyyətidir, bu, birinci dövrdür. Azərbaycan ərazisində ən qədim ərazi Kür-Araz mədəniyyətidir. Kür-Araz mədəniyyəti Azərbaycanın ilk insan yaşayış məskəni olan Qarabağın ətrafında yaranıb, ondan sonra Şimali Qafqazda Çeçenistana qədər olan, bu biri tərəfdən Əfqanıstana, Türkiyəyə, İrana qədər böyük bir ərazini əhatə edir. Bu maddi mədəniyyətin ardınca intensiv olaraq insan cəmiyyətinin inkişafı nəticəsində eyni zamanda Xocalı-Gədəbəy mədəniyyəti meydana çıxıb. Onun sözlərinə görə, Xocalı-Gədəbəy mədəniyyəti də tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərini əhatə edən bir mədəniyyət dövrüdür ki, burada da insan cəmiyyətinin tədrici inkişafı özünü göstərir. İlk metalın yox, dəmirin ixtirası ilə dünyada böyük bir inqilab edib ki, insan cəmiyyəti sürətlə inkişafa başlayıb. Yaranan dövlətlər də, tayfa ittifaqları da, ən çox dəmir dövründə olub. Dəmir dövründə Tarixçinin sözlərinə görə, Azərbaycanda, Qafqaz ərazisində VII əsrdə ilk dövlətlər meydana çıxdı. Azərbaycan tarixinə aid olan bu dövlətlərdən birincisi Manna dövlətidir. Sonra Midya, ardınca Skif (Sak) dövləti meydana çıxdı. Əhəmənilərin hakimiyyəti dövrünü də bura daxil edə bilərik, bununla Azərbaycanın dövlətçilik ənənəsi inkişaf edib. Nəhayət Makedoniyalı İsgəndər Daranı öldürəndən sonra Əhəmənilər dövlətinə son qoyuldu və bununla da bir növ dövlətçilik ənənəsi dəyişdi. Bu ərazilərdə Parfiya dövləti yarandı. 
Tarix elmləri doktoru Qasım Hacıyev bildirib ki, Parfiya dövlətinin fars dövləti olması iddiası var, amma onlar fars deyildi. Əhəmənilər fars idilər. Parfiyalılar yunan mənşəli əhali idi, amma onların tərkibində yerli xalq və dövlətçilik ənənələri var idi. Yerli xalq onlara tabe idi. Eyni zamanda həm Əhəmənilərin, həm Parfiyanın ərazisində dövlətçiliyini saxlayan quruluşlar vardı. Tarixçi bildirib ki, eramızdan əvvəl V-IV əsrlərdə Albaniya və Atropatena dövlətləri yarandı. Onun sözlərinə görə, indiki Azərbaycan Respublikasının daxil olduğu dövlətin bünövrəsi Qafqaz Albaniyası dövlətidir. Tariximizdə olan mənbələrdə Albaniya dövləti Arazdan şimala Dərbəndə qədər olan ərazini əhatə edirdi. Eyni zamanda Arazdan şimalda Naxçıvan da daxil olmaqla böyük bir ərazidə Atropatena dövləti vardı. Bunların adı mənbələrdə IV əsrdən çəkilir. Amma V-IV əsrdən bu dövlətlər olub, yəni Əhəmənilər dövləti mövcud olduqda həmin dövlətin tərkibində də bu dövlətlər olub. Amma onlar müstəqil deyildi. Əhəmənilər dağılanda onlar müstəqillik əldə etdilər.  Tarixçi bildirib ki, antik dövrə aid mənbələrdə bu dövlətlərə aid çoxlu sayda məlumatlar var. Albaniya dövləti Ərəb xilafəti dövrünə qədər yaşadı. 705-ci ildə Əbdülməlikin göstərişi ilə ərəb canişini Bərdə şəhərinə gələrək erməni keşişlərinin fitvası ilə böyük yığıncaq çağırdı. O zaman ermənilər burada çox yaşamırdı, amma onların Kilikiyada din xadimləri vardı. Orada axırıncı alban hökmdarı Şeronu həbs etdilər və Şam şəhərində edim etdilər. Bərdədə Albaniyanın kitabxanaları vardı, onları yandırdılar və beləliklə də Azərbaycan ərazisi işğal edilib xilafətin ərazisinə qatıldı. 705-ci ildən 9-cu əsrin sonlarına qədər Azərbaycanda yalnız Aran adlandırılan ərazi xilafətin tərkibində oldu. Dövlət mövcud olmadı. Bu müddət bizim dövlətçilik tariximizdə bir fasilə kimi gedir. Sonradan Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər dövlətləri yarandı. Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri də mövcud oldu. Bu dövlətlər Azərbaycanın dövlətçilik tarixinə mühüm mövqeyi olan dövlətlər kimi daxil olublar. Ondan sonra böyük, Azərbaycanın bir hissəsini yox, bütün Azərbaycanı əhatə edən Səfəvilər imperiyası yarandı. Azərbaycanın dövlətçilik tarixindən danışarkən ilk növbədə Səfəvilər dövlətini xatırlamamaq mümkün deyil. 3 min illik dövlətçilik tarixində məhz Səfəvilər Azərbaycan torpaqlarını bir dövlətin tərkibində, bir bayraq altında birləşdirməyə nail olub. Nəinki Azərbaycan ərazisinə, bir sıra qonşu torpaqlara da nəzarət etməyi bacaran Səfəvilər 200 ildən artıq bir müddətdə Osmanlı dövlətindən sonra bölgədə hakim-mütləq ola bilib. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dövlətçiliyinin özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Geniş ərazili Səfəvi imperiyasını idarə etmək üçün mükəmməl dövlət idarəçiliyi mexanizmi yaradıldı. Səfəvi hökmdarları dünyəvi hakimiyyətlə yanaşı, dini hakimiyyəti də ələ keçirdilər. Bununla, mərkəzi hakimiyyət daha da qüvvətləndirildi. Şah sarayında Ali Məşvərət Məclisi və ya Ali Səltənət Şurası ("Məclisi-əla") fəaliyyət göstərirdi. Mərkəzi və yerli idarə orqanlarının işini tənzimləyən mükəmməl bir bürokratik sistem yaradılmışdı. Ölkə ərazisindəki bütün məhkəmə işlərinə Ali divan nəzarət edirdi. Səfəvi hökmdarlarının, xüsusən Şah Abbasın keçirdiyi islahatlar nəticəsində səfəvilərin hərbi qüvvələri dünyanın ən qüdrətli ordularından birinə çevrilmişdi. Səfəvilərin hakimiyyəti illərində bütün Yaxın və Orta Şərqdə Azərbaycan dilinin rolu daha da artdı. Səfəvi sarayına gəlmiş xarici ölkə elçiləri ilə diplomatik danışıqlar, bir qayda olaraq, Azərbaycan dilində aparılırdı”. Bu imperiya bir neçə əsr mövcud oldu. Amma Səfəvilər zəifləyəndə və dövlət təhlükə altında qalanda Nadir Şah hakimiyyəti ələ keçirdi və Əfşarlar dövlətini yaratdı. İranda həm Səfəviləri, həm Əfşarları İran dövləti adlandırırlar. Amma bunların heç biri İran dövləti olmayıb. Qacarlar da Azərbaycan dövlətidir. Qacarlardan sonra Azərbaycanda ciddi şəkildə parçalanma oldu, 20 xanlıq yarandı. Onların da yarıdan çoxu Rusiyanın tərkibinə keçdi. XIX əsrin əvvəlindən axırına kimi çar Rusiyasının apardığı siyasət nəticəsində bu ərazi əyalətə çevrildi, ayrı-ayrı quberniyalar yarandı. 
Bu qədər çətinliklərdən sonra isə XX əsrin əvvəlində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə mühüm əhəmiyyətə malik olan dövlətdir. İndi Azərbaycan xalqının malik olduğu dövlət də həmin dövlətin bərpasıdır. Bu gün də azad bir ölkədə yaşayırıq, möhkəm dövlətçilik ənənəsi var. Necə ki, böyük imperiyalar vaxtında Albaniya dövləti öz nüfuzunu saxlaya bilən bir dövlət oldu, mən bugünkü Azərbaycanı da ona bənzədirəm. Özünün sərhədləri, pul vahidi, iqtisadi quruluşu, özünün dünya xalqları ilə əlaqələri olan bir dövlətdir.

Xəbər xətti