"Dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib"

16:26 - 22 İyul 2016 - MEDİA

Hikmət Babaoğlu: Milli mətbuatımız böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb


«Bu gün  fəxarətlə qeyd edə bilərik ki, milli mətbuatımız böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb. Bu mərhələ milli mətbuatımızın inkişaf tarixində heç vaxt olmadığı qədər dövlət himayəsi və qayğısı ilə əhatə olunması mərhələsidir». Bu fikirləri yap.org.az saytına «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, müasir dövrümüzdə Azərbaycanda mətbuata dövlət qayğısı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
«İndiki mərhələdə mətbuat böyük bir gücdür. Mətbuatın missiyası onun funksiyasından qat-qat böyükdür. Çünki müasir mərhələdə media da geniş təsir imkanlarına malikdir. Azərbaycan milli mətbuatının üzərinə düşən vəzifə tarixən aparılan mübarizənin bu gün də layiqincə davam etdirilməsidir. Biz mətbuatın gücündən milli maraq və mənafelərimiz naminə maksimum istifadə etməliyik»- deyən, baş redaktorun fikrincə, bu gün Azərbaycan dövlətinin mətbuata qayğısının məntiqi də, fəlsəfəsi də ondan ibarətdir ki, indiki mərhələdə “yumşaq güc” kimi səciyyələndirilən media öz gücünü xalqın və dövlətin maraqlarının qorunmasına sərf etsin.
«Təşəkkül tapmış söz və mətbuat azadlığı Konstitusion əsaslara və siyasi iradəyə söykənir. Hər nə qədər müxtəlif fikirlər səslənsə belə, ortada bir həqiqət var: bu gün Azərbaycandakı siyasi hakimiyyət özünü məhz söz azadlığının, demokratik hüquqların bərqərar olunması yönündə qətiyyətli addımlar atmaqla cəmiyyətdəki azadlığın və demokratik inkişafın qarantı kimi görür. Ona görə də, Azərbaycanda hər bir jurnalist öz fikirlərini açıq və sərbəst şəkildə bildirir və müxtəlif siyasi təmayüllü mətbu nümunələri formalaşdırıb inkişaf etdirir. Əgər biz Azərbaycan mətbuatının son on ildəki inkişaf tarixinə nəzər salsaq görərik ki, dövlət milli mətbuatın inkişafı üçün əlindən gələni edib. Nəzərə alsaq ki, Azərbaycanda milli mətbuatın maliyyə əsasları bir qədər zəif və kövrək təməllər üzərində qurulub, o zaman 2008-ci ildə qəbul edilən “KİV-in inkişafina dövlət dəstəyi konsepsiyasi”nın nə qədər əhəmiyyətli olduğunu görərik. Və eyni zamanda, biz onu da qeyd edə bilərik ki, 2009-cu ildən başlayaraq, siyasi təmayülündən, mövqeyindən, tənqidçi, təqdirçi və yaxud orta mövqedə olan hansı növ milli mətbuatı təmsil etməsindən asılı olmayaraq, gündəlik çıxan qəzetlərə maliyyə  yardım edilir. Bu isə əlbəttə ki, Azərbaycan hakimiyyətinin siyasi iradəsinə söykənərək baş verib»- deyə, Hikmət Babaoğlu vurğulayıb.

Xəbər xətti