Qohum olmayan donorlardan da sümük iliyi köçürüləcək

14:54 - 13 İyul 2016 - Müsahibə

Zöhrə Əlimirzəyeva: “Azərbaycanda indiyədək aparılan əməliyyatlar dövlət hesabına aparılıb”


(Əvvəli ötən sayımızda)

Tibb elmi inkişaf etdikcə bir zamanlar insanlar üçün böyük narahatlıq yaradan bir çox xəstəliklərin müalicəsi mümkün olub. Bu gün də bəzi sağalmaz xəstəliklər olsa da, amma elə xəstəliklər var ki, onlardan xilas olmağın yolu elə insanların öz əlindədir. Son illər respublikamızda da qan xəstəliklərinin qarşısının alınması istiqamətində ciddi işlər görülür. Xüsusən, leykozların diaqnostikasında və müalicəsində köklü irəliləyişlər müşahidə edilir. Bu ilk növbədə leykozların molekulayar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin traqet (hədəf) terapiyası üsullarının işlənib-hazırlanmasına aiddir. Həmçinin, 2015-ci ilin iyunundan  respublikamızda nikaha daxil olanların tibbi müayinəsinin aparılması  talassemiya daşıyıcılarının aşkarlanmasına imkan yaratmışdır. Müayinə olunan çütlüklərin hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan zaman talassemiyalı uşaqların doğulma riskini nəzərə alaraq Respublikamızda ilk dəfə talassemiya daşıyıcısı olan hamilə qadınlarda prenatal diaqnostika aparılmışdır. Hazırda nikahdan öncə aparılan müayinələr talassemiya xəstəliyinin qarşısının alınmasına yardım edəcək. Qan xəstəliklərinin müalicəsi ilə bağlı görülən və gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı məsələlərə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.


- Bu gün onlarla xəstə transplantasiya əməliyyatının aparılması üçün növbə gözləyir. Onların yaxınları bizimlə müsahibələrində də bildiriblər ki, tezliklə bu əməliyyatın aparılmasını istəyirlər. Bilmək istərdik transplantasiya əməliyyatının aparılması zəruriliyi ilə bağlı hansı mərhələdə və hansı formada qərar verilir?


- Xəstədə transplantasiya əməliyyatının aparılması üçün ilk növbədə tibbi göstəriş olmalıdır. Limfoblast leykozda aparılan polikimyəvi terapiya ilə nəticə almaq mümkündür. Təxminən iki il müddətində müxtəlif müalicə və proqramlar icra edildikdə xəstənin sağalması mümkündür. Biz də bu xəstəliyin müalicəsində bütün dünyada qəbul edilən beynəlxalq proqramlardan istifadə edirik. İstər uşaqlar, istərsə də böyüklər arasında sağalan xəstələrimizin də sayı çoxdur. Bu xəstələr müasir dərman preparatlarının tətbiqindən sonra tam sağalırlar. Bütün dünyada belədir ki, transplantasiya üçün tibbi göstəriş olmalıdır. Çünki transplantasiya əməliyyatı heç də tam sağalma demək deyil. Həmçinin, uyğun donor olmalıdır. Bəzən doniorun tapılması üçün də müəyyən müddət gözləmək lazım olur.  Hazırda da bizdə yalnız qohum donorlardan istifadə olunur. Amma respublikamızın Beynəlxalq Transplantasiya Qurumuna üzv olması məsələsinə baxılır. Əgər qəbul olunsaq, o halda qanunvercilik səviyyəsində də addımlar atılmalıdır. 
İşlər tamamlandıqdan sonra yəqin ki, sümük iliyi bankları ilə əlaqələr genişləndiriləcək və həmin banklarla əlaqələr nəticəsində qohum olmayan donorlardan da sümük iliyi köçürüləcək.  


- Bir transplantasiya əməliyyatının nə qədər vasaitə başa gəlməsi ilə bağlı Sizdə hər hansı məlumat yoxdur?


- Bildirmək istərdim ki, hazırda əməliyyatların xərclərini tam olaraq dövlət qarşılayır. Əməliyyatın qiyməti isə dünyanın müxtəlif ölkələrində fərqlidir. Türkiyədə sümük iliyi transplantasiyası əməliyyatı 100 min dollar, Almaniyada 150 min dollardır. Azərbaycanda indiyədək aparılan əməliyyatlar dövlət hesabına aparılıb.


- Artıq nikahdan öncə tibbi müayinələrin aparılmasına başlanılmasından 1 il vaxt ötüb. Bu müddətdə aparılan müayinələrin statistikası ilə bağlı nə deyə bilərsiniz?


- Nikahdan öncə müayinələrə başlanılandan ötən 1 il ərzində 139 700 nəfər müayinə olunub. Onlardan 7 171 nəfərində talassemiya daşıyıcılığı aşkarlanıb. Amma talassemiya daşıyıcılığı xəstə demək deyil. 458 nəfərdə siflis, 85 nəfərdə QİÇS aşkarlanıb. 56 cütlüyün hər ikisində isə talassemiya daşıyıcılığı aşkarlanıb. Onlardan 6 cütlük nikahdan imtina edib. Amma evlənənlərə də tam tibbi konsultasiya verilib. Sonradan onlar da instituta dəvət olunur və müayinələr aparılır. Həmçinin, respublikamızda ilk dəfə olaraq perinatal müayinələr də aparılır. Respublika Perinatal Mərkəzində aparılan perinatal yoxlamaları yüksək ixtisaslı həkim tərəfindən aparılır. Mərkəzin həkimləri Türkiyədə təcrübə kursu keçib. Artıq döl materialının da genetik müayinəsi aparılır. İndiyədək 17 hamilə müraciət edib və bir döldə xəstəlik aşkar olunub. Həmin ailə isə  hamiləliyi pozmağa qərar verib. Bu da talessemiyalı uşaqların doğulmaması deməkdir. Bir çox ölkələrdə bu proqram nəticəsində talessemiyalı uşaqların doğulması minimuma endirilib. Müayinədən keçən digər 16 cütlükdə isə daşıyıcılıq aşkar olunsa da, xəstəlik aşkarlanmayıb və onlar hamiləliyi davam etdiriblər.
Regionlarda qeyd etdiyim kimi nikahdan öncə tibbi müayinə ilə bağlı bütün xəstəxanalarda hemotoloji kabinetlər açılıb. Hazırda həmin kabinetlərdə çalışan həkimlər təkmilləşdırmə kurslarında iştirak ediblər. İrsi qan xəstəliklərindən əziyyət çəkənlərə Mərkəzi Qan Bankının regional bölmələrində aşılmış irsi qan xəstəlikləri kabinetlərində tibbi yardım göstərilir. Talassemiyalı xəstələr həmin mərkəzlərə mütəmadi müraciət edir və qan komponentləri ilə təmin olunurlar.


- Mərkəzi Qan Bankının regional bölmələrində kifayət qədər qan ehtiyatı var?


- Hazırda həmin bölmələrdə kifayət qədər qan ehtiyatı var. Bütün bölmələrimizdə tükənməyən ehtiyatlara malikik. Bilirsiniz ki, qan komponentlərinin müəyyən saxlanma müddəti var. Qan komponentləri tərkibində olan kimyəvi preparatlardan asılı olaraq bir aydan 42 günədək saxlanma müddətinə malikdir. Bu səbəbdən həmin qan ehtiyatları mütəmadi olaraq yenilənməlidir. Aprel ayında cəbhədə baş verən hadisələr də göstərdi ki, insanlar da mütəmadi olaraq heç bir çağırış gözləmədən qan verməyə hazırdılar. Yerli bölmələrdə çalışan əməkdaşlarımız da deyir ki, həmin hadisələr zamanı əksəriyyət könüllü qan vermək üçün növbə gözləyirdilər. Həmin hadisələr də göstərdi ki, biz qan çatışmamazlığı ilə bağlı hər hansı problem yaşamadıq. Eyni zamanda mütəmadi olaraq qanvermə aksiyaları keçirilir və insanlar könüllü olaraq bu aksiyalarda iştirak edirlər. Hazırda da Səhiyyə Nazirliyi  tərəfindən tərtib edilmiş xüsusi qrafiklərə əsasən Mərkəzi Qan Bankının briqadaları qangötürmə aksiyalarını həyata keçirir.  Həmin briqadalar  mütəmadi olaraq regionlara gedərək qan götürülməsində istirak edir. Bu işdə həkimlərə müvafiq rayon icra hakimiyyətləri və digər orqanlar da yardım edir. Amma insanlar özləri də qan vermək üçün müraciət edirlər. Talassemiyalı xəstələrə  ayda 1 dəfə, bəzən iki dəfə qan köçürülür. Hazırda həmin xəstələrin müalicəsi ilə bağlı Dövlət Proqramı var və bu xəstələr də qan təminatı ilə bağlı hec bir problem yaşamır. Artıq bir ildir ki, nikah qabağı müayinələr aparılır. Bu proqram yaxın gələcəkdə öz nəticəsini verəcəkdir.Talassemiyalı xəstələrin doğulması xeyli azalacaqdır. Nikahla bağlı  müyinələr bütün rayonlarda aparılır.  Digər qan nümunələri  bizim instituta göndərilir. Nəticələr isə elektron qaydada, barkodlar vasitəsi ilə yerlərə göndərlir. Hazırda 6 marşrut ayrılmışdır və həmin marşrutlar üzrə qan nümunələrı Bakıya gətirilir. 


- Qan xəstəlikləri ilə bağlı əhalinin məlumatlıq səviyyəsi necədir?


- Son dövrlər qan xəstəlikləri ilə bağlı da insanların məlumatlılığı əvvəlki illərə nisbətən xeyli artıb. Səhiyyə Nazirliyi mətbuat xidməti tərəfindən tez-tez dəyirmi masalar keçirilir. Dəyirmi masalardan dördü hematologiyaya həsr olunub. Dəyirmi masalarda bütün televiziyalar, internet və çap mətbuatının nümayəndələri iştirak edir. Eyni zamanda televiziya kanallarında bu mövzuya həsr olunan verilişlərdə institutun əməkdaşları iştirak edir. Həmin verilişlərdə donorluq, talassemiya, hemofiliya, leykozla bağlı maarifləndirmə xarakterli məlumatlar verilir. Nikah qabağı müayinələrin aparılması da insanların maarifləndirilməsinə yardım edir. Müayinə olunan şəxslər, onların yaxın ətrafı bu xəstəliklər barədə məlumatlandırılırlar. Bu məsələdə nikahdan qabaq müayinələrin də böyük rolu var. Bir məsələni deyim ki, bu günlərdə iki gənc müayinə üçün müraciət etmişdı. Onlar sadəcə məlumat alıb ki, nikahdan öncə müayinə olunmaq lazımdır. Onlar hələ evlilik tarixlərini dəqiqləşdirməsə də, indidən müayinə olunmaq istəyiblər. Bu kimi misalların sayını artırmaq da olar. Bu da ondan xəbər verir ki, artıq insanlar arasında qan xəstəlikləri ilə bağlı məlumatlılıq artıb. 


Xalid VAHİDOGLU

Yazı  “Leykozlu uşaqlara dəstək” ictimai birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi  “Qan xəstəliklərinin qarşısının alınması üçün ictimai maarifləndirmə “ layihəsi çərçivəsində hazırlanıb

Xəbər xətti