Gənc Tamaşaçılar Teatrının direktorunun 60 yaşı tamam olur

16:33 - 11 İyul 2016 - Mədəniyyət

Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev Mübariz Həmidovu mükafatlandırıb

12 iyul tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti, Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidovun 60  yaşı tamam olur. 
Milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə və 60 illik yubileyi münasibətilə M.Həmidov Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb. 
Məlumat üçün bildirək ki, M.Həmidov 12 iyul 1956-cı ildə Göyçay şəhərində anadan olub. 1975-79-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində ali təhsil alıb.
            1979-2000-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor, 2000-ci ildən 2006-cı ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi İncəsənət baş idarəsində (hazırda incəsənət şöbəsi) aparıcı mütəxəssis, baş mütəxəssis və baş məsləhətçi vəzifələrində çalışıb. 
            Nazirlikdə işlədiyi müddətdə Respublika Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə keçirilən irimiqyaslı dövlət tədbirlərinin, yubileylərin, festivalların və müsabiqələrin, incəsənət bayramlarının təşkili və hazırlanmasında fəal iştirak etmiş, respublikamızın ayrı-ayrı dövlət teatrları ilə birgə müxtəlif ölkələrdə keçirilən Beynəlxalq nüfuzlu Teatr festivallarının iştirakçısı olub. 
          Heydər Əliyev adına Sarayda keçirilən çoxsaylı dövlət tədbirlərinin – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 10 illiyi, Dünya Azərbaycanlılarının I qurultayı, Görkəmli el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 175 illiyi, nakam şairimiz Mikayıl Müşviqin 90 illiyi, Xalq şairi Rəsul Rzanın 90 illiyi, Dövlət Rəqs Ansamblının yaradılmasının 30 illiyi, Xalq Artisti Şövkət Ələkbərovanın 80 illiyi, SSRİ Xalq Artisti Fikrət Əmirovun 80 illiyi, Hüseyn Cavidin 120 illik yubileyi, Aşıq Şəmşirin 110 illiyi, İ.Əfəndiyevin 90 illik yubileyi, Üzeyir Hacıbəyovun 120 illik yubileyi, SSRİ Xalq Artisti Rəşid Behbudovun 90 illiyi, Ümummilli liderimiz Heydər Əliyevin vəfatının qırx günlüyünə həsr olunmuş anma mərasiminin, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında mərhum akademik Zərifə xanım Əliyevanın anadan olmasının 80 illiyi, ümummilli lider, mərhum Prezdentimiz Heydər Əliyevin anadan olmasının 80 illiyi, habelə 2003-cü ilin oktyabrında Prezident seçkiləri ərəfəsində respublika stadionunda gənclərin III Forumuna həsr olunmuş Ümumrespublika tədbirinin, həmin il oktyab ayının 31-də Heydər Əliyev adına Sarayda Respublika Prezidentinin andiçmə mərasiminin, Azadlıq meydanında keçirilmiş təntənəli konsert proqramının və digər irimiqyaslı tədbirlərin ssenari müəllifi, redaktoru və təşkilatçılırından biridir.         
M.Həmidov 2000-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. 
2006-cı ilin yanvar ayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru vəzifəsinə təyin edilib.

Xəbər xətti