Ana səhifə
21 Noyabr 2018

“O obrazlarını yüksək peşəkarlıqla oynayırdı”

Nuriyyə Əhmədova: “Onun kimi aktyorun səhnəmizə gələcəyinə inanmıram”

 

 

Xalq artisti Eldəniz Zeynalov bu gün də oynadığı rollarla tamaşaçıların yaddaşındadır. O, 5 noyabr 2002-ci ildə 65 yaşında dünyasını dəyişib. Tələbə ikən Eldar Quliyevin “Bir Cənub Şəhərində” filmində baş rollardan birinə çəkilib. Akademik Milli Dram Teatrında işləyib. İlk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Sonralar teatr və kinoda, televiziya və radio tamaşalarda, “Mozalan” satirik kinojurnalının bir çox süjetlərində yadda qalan obrazlar yaradıb. Bu barədə “Üç nöqtə”yə tərəfmüqabili, xalq artisti Nuriyyə Əhmədova danışıb. Xalq artisti bildirdi ki, Eldəniz Zeynalov hərtərəfli sənətkar olub: “Çox gözəl insan, hər tərəfli sənətkar idi. Böyük yumoru, satirası, sözaltı söhbətləri vardı. Eldənizlə filmdə və “Mozalan”da tərəf müqabili olmuşam. O obrazlarını yüksək peşəkarlıqla, Fazil Salayev və Yaşar Nuri kimi oynayırdı.  Ümumiyyətlə, onun nəslində  təbiilik, ciddilik, sənətkarlıq vardı. Vaqif Mustafayevin rejissorluğu ilə “Hər şey yaxşılığa doğru” filmində ciddi obrazda oynayırdı. Onun həm də yaxşı boy-buxunu vardı. Bu filmdə Eldənizin tərəf müqabili olmuşam.  Eldəniz Zeynalov “Yerlə göy arasında” filmində də ciddi obrazda oynayır”.

N. Əhmədova dedi ki, aktyor Akademik Milli Dram Teatrında (Azdramada) işləyib, çoxlu filmlərə çəkilib: “Onun canlandırdığı obrazlar hər birimizin qəlbimizdə yaşayacaq. Rollarını çox ciddi oynadığı kimi, həyatda da ciddi adam idi. Ətrafında çoxlu, yaxşı dostları vardı, təbiətən yeyib-içən insan idi. Uşaqları ilə də zarafat edərdi. Xatırladım ki, Eldəniz Zeynalov Həsənağa Salayevin bacısı oğlu idi. Onun tövsiyyəsi ilə uşaqlıqdan Azdramada uşaq rollarında oynayıb. Eldənizin övladları da istedadlıdır. Sənətkar ailəsində böyüyən, sənətkar görən insan mütləq sənətkar olmalıdır. Eldənizin oynadığı rollarda hər şey  öz yerində idi. Əsl aktyorlara layiq mədəniyyətli, düşüncəli, diqqətli idi. Canlandırdığı obrazlara özündən də əlavələr edirdi, amma başqa aktyorlardan fərqli olaraq onun bu əlavələrin duzu-istiotu yerində olurdu. Eldənizin dəfnində iştirak edmiş, cümə axşamlarına da getmişəm. Cümə axşamlarında onun söhbətlərini edirdik. Ağalamaqla yanaşı, lətifələrinə gülürdük. Allah ona rəhmət eləsin. Üç balası hər zaman xoşbəxt olsun. Mən  çox sevinirəm ki, özündən sonra nişanə qoyub. Yoldaşı da yaxşı qadın idi, Eldənizin vəfatından sonra çox yaşamadı. Heyif o sənətkardan, dünyasını vaxtsız, tez dəyişdi”.

Xalq artistinin sözlərinə görə, Eldəniz Zeynalov yaxşı, qayğıkeş həyat yoldaşı olub: “Həmişə geyiminə fikir verirdi. Həyat yoldaşı ona çox diqqətlə baxırdı. Eləcə də Eldəniz hər şeyi ailəsi, uşaqları üçün edirdi. İki oğlu, bir qızı var. Bizimlə onun arasında bacı-qardaş münasibəti vardı. Bir dəfə çəkilişdə çörəyin arasına kolbasanı, pendiri qoyub mənə verdi ki, bunları ye. Dedim: «Mən kolbasa yemirəm, sən ye». Amma mənim ac olduğumu bilirdi, Bu səbəbdən də, mənim buterbrodu yeməyimi istəyirdi. Zarafatını qəbul etdirə bilirdi. Elə ciddi danışırdı ki, nə vaxt yalan danışdığını müəyyənləşdirmək mümkün olmurdu. Küçədə başını aşağı salıb yeriməyi vardı və özünün bu yerişi ilə fəxr edirdi. Hamı ilə salamlaşırdı. Mənim hörmətimi çox saxlayırdı”.

 

N. Əhmədova onu da vurğuladı ki, xalq onu çox sevirdi: “Dövlət onu qiymətləndirmişdi, ev vermişdi. Bir daha onun kimi aktyorun səhnəmizə gələcəyinə inanmıram”. 

Tarix
5 Noyabr 2014 [16:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin