“Xoşbəxt olun” ekrana çıxır

16:55 - 5 İyul 2016 - Mədəniyyət

Son illər ailə-məişət mövzusunda ekranlaşdırılan filmlərin sırasına daha biri əlavə olundu. Belə ki, AYB-nin üzvü, Sankt-Peterburq Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun tələbəsi Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” adlı hekayəsinin motivləri əsasında “Xoşbəxt olun” adlı  film ekranlaşdırıb.
Yaxın keçmişə nəzər salan ailə-məişət mövzulu tragikomik filmdə qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən  qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib.  Belə ki, müəllif 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin gülüş obyektinə çevrilən və buna görə özünü bədbəxt hiss edən atanın dramını sarkazmla ekrana köçürə bilib.
Tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva,  quruluşçu operatoru  Rəşad Qarayev, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev,  rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Könül Vəlibəylidir. 
Filmdə əsas rolları   Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Əməkdar artist Sevinc Sarıyeva, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov, Aybəniz Bağırova , Gülnarə Abdullayeva ifa edirlər.
Çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda baş tutan film beynəlxalq festivallara göndəriləcək. Ekran işinin yaxın vaxtlarda yerli kino nümayişi də nəzərdə tutulur.


Xəbər xətti