Qətl törədən şəxslərə ağır cəza verildi

16:50 - 4 İyul 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Məmmədov ömürlük, N.Zəkərayev isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub.

Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər. R.Məmmədovun bir neçə oğurluq, quldurluq, qəsdən sağlamlığa ağır zərbə vurma kimi ayrı cinayət əməlləri də ortaya çıxıb.

Xəbər xətti