TANAP-ın baş direktoru:"Hər 1000 kubmetr qaza görə Türkiyə büdcəsinə 5,95 dollar vergi ödəniləcək"

11:57 - 4 İyul 2016 - İQTİSADİYYAT

  Azərbaycan qazını Türkiyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəməri (TANAP) ilə ilk qaz 2018-ci ilin iyun ayında Eskişəhərdən Türkiyəyə paylanmağa hazır olacaq və başlanğıcda 2 mlrd. kubmetr qaz nəql olunacaq. "Report" Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. 
Onun sözlərinə görə, 3 il ərzində bu həcm 6 mlrd. kubmetrə çatacaq: "TANAP-ın ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr hesablanır. Buraxılış gücü 31 mlrd. kubmetrə çatdırılacaq".
O qeyd edib ki, TANAP-ın tikinti mərhələsində 4,5 mlrd. dollar dəyərində iş görülür ki, onun 80%-i, yəni 3,6 mlrd. dollarını Türkiyə şirkətləri görür.
Baş direktor bildirib ki, hazırda TANAP-ın tikinti ərazisində 6 min nəfər çalışır, xidmət alınan şirkətlərlə birlikdə isə bu rəqəm 15 min təşkil edir.
S.Düzyol xatırladıb ki, başlanğıcda layihənin investisiya dəyəri 11,2 mlrd. dollar hesablanıb: "Neft və poladın qiymətlərinin düşməsi, həmçinin bir çox materialın qiymətinin bununla bağlı olaraq enməsi layihəyə qoyulan investisiyanı 2,5 mlrd. dollar həcmində azaldıb".
Layihənin baş direktoru qeyd edib ki, TANAP-dan 1 000 kubmetr qazın nəql xərci 70 dollar təşkil edəcək: "Bu rəqəmin 30%-i layihənin səhmdarlarından olan "BOTAŞ"a çatacaq. Boru xəttindən axan hər 1 000 kubmetr qaza görə Türkiyə büdcəsinə 5,95 dollar vergi ödəniləcək".
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Eskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını "BOTAŞ" şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.
Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var.

Xəbər xətti