Rafael Cəbrayılov: «Rusiya Türkiyə ilə münasibətlərini hər zaman qorumalıdır»

03:00 - 2 İyul 2016 - SİYASƏT

“Türkiyə və Rusiya münasibətlərinin normallaşması Azərbaycanı sevindirən haldır”. Ucnoqta.az-ın məlumatına görə, bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Rafael Cəbrayılov bildirib. Deputat deyib ki, Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına ən çox sevinən ölkələrdən biri Azərbaycandır. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə Rusiya arasında “bufer zona” rolunu oynayır: “Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə qonşu, strateji müttəfiq olan dövlətdir. Ona görə də biz əsla istəmərik ki, Türkiyə ilə Rusiya arasında münasibət pis olsun. Azərbaycan əvvəlcədən Türkiyə ilə Rusiya münasibətlərində yaranan gərginlikdən narahatlığını bəyan edib. Hesab edirəm ki, bu mövqe Azərbaycanın uğurlu xarici siyasətinin bir nümunəsi oldu”.

R.Cəbaryılov söyləyib ki, zaman-zaman Türkiyə və Rusiya arasında münasibətlər kəskin olub: “Ötən əsrlərə qədər Rusiya və Türkiyə bir-birinə əks düşərgələrdə yer alıblar. Bu gün Rusiya və Türkiyə dünya siyasətinə təsir edən böyük dövlətlərdir. Bu baxımdan da onların arasındakı münasibətlərin normallaşması iki ölkədə olduğu kimi, Azərbaycanda da müsbət qarşılanır. Türkiyə-Rusiya münasibətlərinin normallaşmasından dünyanın ümumi mənafeyi udacaq. İki ölkə arasında münasibətlər ən gərgin həddə çatanda bəzi şəxslər düşünürdü ki, Türkiyə-Rusiya münasibətlərinə görə dünya müharibəsi başlayacaq. Ancaq mən əvvəldən də düşünürdüm ki, Türkiyə-Rusiya münasibətləri gec-tez normallaşacaq. Bu gün dünya özünün elə bir dövrünə gəlib çatıb ki, artıq beynəlxalq münasibətlərə çox həssaslıqla yanaşmaq lazımdır. Çünki dünya güclə deyil, ağılla idarə olunacaq səviyyəyə çatıb. Ona görə də Türkiyə-Rusiya münasibətlərinin ağıllı normallaşmağa başlamasından bütövlükdə dünya qazandı”.

O, qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasını istəməyən dövlətlər var: “Nə qədər güclü dövlət olmasına baxmayaraq, eyni vaxtda səhvini başa düşüb, xalqın ümumi mənafeyi naminə üzr istəməyin özü də Türkiyənin böyük cəsarətindən xəbər verir. Əgər söhbət dünya siyasətinə təsir edən Türkiyə kimi böyük dövlətin mənafelərindən gedirsə, üzr istəmək normal haldır. Ona görə də mən əvvəldən düşünürdüm ki, bir təyyarənin vurulmasına görə iki böyük dövlət arasında münasibətlərin pozulması düzgün deyil. Rusiya indiyədək İslam dünyası ilə münasibətlərin qurulmasına İranla yaxınlaşması prizmasından baxıb. Ancaq bu gün dünya elə vəziyyətə gəlib çatıb ki, Rusiya İslam dünyası ilə münasibətlər yaratmaq üçün təkcə İranla deyil, eyni zamanda Türkiyə ilə də yaxından əməkdaşlıq etməlidir. Çünki Rusiyanın müsəlman dövlətləri ilə əməkdaşlığına təkcə İran-Rusiya münasibətləri kifayət etmir. Digər tərəfdən isə bu gün Türkiyənin bir çox müsəlman və ərəb dövlətlərində böyük söz sahibidir. Ona görə də bu gün Rusiya yaxın və orta Şərqdə nüfuz qazanmaq istəyirsə, İrana deyil, əsas Türkiyə ilə münasibətlərini saxlamalıdır. Çünki Türkiyə yerləşdiyi regionda sülhün təminatçısı olaraq ədalətli ölkə imici qazanıb”.

Deputat vurğulayıb ki, Rusiyanın Türkiyə ilə münasibətlərinin normallaşması rəsmi Kremlin də strateji maraqlarına uyğundur: “Tarixdə heç zaman Türkiyə ilə Rusiya arasında münasibətlər yaxın olmayıb. Təbii ki, bu yaxınlaşma dünyanın bir çox dövlətlərin maraqlarına uyğun deyildi. Mən özüm də əvvəldən düşünürdüm ki, prezident Vladimir Putinin Türkiyəyə səfəri, oradakı isti münasibətlər və gələcəkdə strateji obyektlərin inşası ilə bağlı ümumi razılaşma və sairə bəzi dövlətlər tərəfindən müsbət qarşılanmayacaq. Ona görə də Rusiya-Türkiyə münasibətlərində gərginlik yarandı. Hesab edirəm ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində “üçüncü qüvvələrin” rolu heç də az olmayıb. Rusiya-Türkiyə münasibətlərini istəməyən qüvvələr bu gün də var. İnanmıram ki, bütün bunları Rusiyada da anlamasınlar. Bir daha deyirəm ki, bütün bunları nəzərə alıb, Rusiya Türkiyə ilə münasibətlərini hər zaman qorumalıdır”.

 

Xəbər xətti