Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi möhkəmlənir

19:03 - 30 İyun 2016 - KİVDF

 Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur 

Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktyoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Güclü Azərbaycan dövlətçilik ənənəsinin gücünü göstərir.
Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Bu sözləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Onun sözlərinə görə, təəssüf ki, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqnanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir.
Milli Məclisin deputatı Sahibə Qafarovanın sözlərinə gör, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. O bildirib ki, Avropa Şurası ilə münasibətlərə gəlincə, bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. "Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində müsbət tendensiyaların davam etməsi ilə xarakterizə olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və orada bir çox məsələlərin müzakirəsi xüsusi əhəmiyyətli məsələlərdən biri oldu. Həmçinin, AŞPA-nın Viana, London, Paris, Strasburq, Roma və digər şəhərlərdə keçirilən tədbirlərində nümayəndə heyətimizin üzvləri fəal iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan dövlətinin təxribatları haqqında məlumatlar verdilər. Bu ilin yanvar ayında mən AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri seçildim. Bundan əvvəl iki il müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvünün AŞPA kimi mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik etməsi bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda bu sahədə çox uğurlu siyasət həyata keçirilir və bu siyasət beynəlxalq miqyasda qiymətləndirilir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir",- Sahibə Qafarova deyib.
Deputat bildirib ki, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. 

Xəbər xətti