Moldova klubu və prezidenti Azərbaycan xalqından üzr istəyib

16:19 - 28 İyun 2016 - İDMAN

 Moldovanın "Daçiya" klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsi barədə yer alan yanlış fikirlərlə əlaqədar "Kəpəz"dən və Azərbaycan xalqından üzr istəyib. "Report"un məlumatına görə, üzrxahlıq mətni şəxsən klub prezidenti Adlan Şişxanov adından da yayılıb.

Şişxanov "Daçiya"nın mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar səmimi üzrxahlıq edib: "Mən həmçinin, bütün Azərbaycan xalqı, azarkeşləri və "Kəpəz" qarşısında üzr istəyirəm. "Daçiya" heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud və ağlasığmaz qəbahətlə bağlı bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda heysiyyata toxunmaq istəməzdik".
Klub və rəhbərlik bildirir ki, belə yanlış məlumat verməklə heç bir sətiraltı və gizlin təxribat niyyəti güdməyiblər: "Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, istisna etmirik ki, bizə düzgün informasiya verilməyib. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".
Üzrxahlıq mətni ilə yanaşı, klubun saytı Mərdəkan barədə yanlış mətndə düzəliş edib.
Qeyd edək ki, "Kəpəz"lə oyun öncəsi "Daçiya"nın rəsmi saytında "Dalğa Arena"nın Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsi"ndə yerləşdiyi bildirilib. Yazıda bildirilib ki, Mərdəkanda ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir. Bundan başqa, baş məşqçi Oleq Bejenar oyunöncəsi mətbuat konfransında səhvən Azərbaycanı Özbəkistan kimi tələffüs edib və dərhal səhvini düzəldib. Gəncə təmsilçisi məsələ ilə bağlı narazılığını ifadə edib və qarşı tərəfə məktub göndərib.

Xəbər xətti