Azərbaycanın ​AŞPA-dakı nümayəndə heyətinin üzvü rüşvət ittihamlarına münasibət bildirib

10:53 - 28 İyun 2016 - SİYASƏT

"Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsi ilə bağlı iddia əsassızdır. Bu, yalan və iftiradır, Azərbaycana qarşı olan çirkin əməliyyatların bir hissəsidir. Ermənilərin Azərbaycana qarşı belə əməliyyatları heç vaxt dayanmayacaq. Çünki onların böhtan atmaqdan başqa əlacları qalmayıb". Bunu "Report"a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev italiyalı deputat Luka Volontenin Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alması ilə bağlı iddialara münasibət bildirərkən deyib ki, Avropa Şurası Parlament Assambleyası çərçivəsində Azərbaycana qarşı olan iradların hamısı əssassızdır: "Biz "siyasi məhbus" anlayışının izahını onlardan dəfələrlə soruşmuşuq. Onlar bu suala cavab verə bilməyiblər. Azərbaycanın üzərində olan problemlər qaldırılandan sonra yenidən bu məsələni ortaya atıblar. Guya Luka Volonteyə rüşvət verilib. Birincisi, rüşvət verilibsə, niyə hesabdan-hesaba keçib?! Biz bilmirik, Volontenin hansı əməliyyatı var, bu cür üzə çıxıb. AŞPA çərçivəsində 27-dən çox ölkə, 360-dan çox deputat var. O qədər deputata Luka Volonte rəhbərlik edir, onun sözü ilə oturub-dururlar? Həmin iclasın da canlı şahidi olmuşam, İtaliya nümayəndə heyətinin bəzi deputatları belə Azərbaycanın əleyhinə səs veriblər. Bütün bu iddialar yalan üzərində qurulub və heç bir perspektivi yoxdur".
R.Rzayev qeyd edib ki, bu məsələni qaldıranlar Ermənistandakı insan haqları ilə maraqlanmalıdırlar: "Ermənistan rəhbərliyinin bütün istiqamətlərdə siyasətləri iflasa uğrayıb. Bir daha qeyd edirən ki, bu, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasıdır. Bu iddianın Azərbaycanla bağlı əlaqəsi olsaydı, etirazımızı bildirərdik. Amma bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Burada İtaliyanın adı keçir, onlar da öz məsələlərinə qiymət verəcəklər".
Qeyd edək ki, İtaliyanın İl Fatto qəzetində dərc edilən yazıda iddia edilir ki, İtaliyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətində təmsil olunan deputat Luka Volonte 2013-cü ildə Azərbaycan hökumətindən 2 milyon 390 min avro həcmində rüşvət alıb. Bu məsələdə Azərbaycandan olan deputat Elxan Süleymanov və deputat Müslüm Məmmədovun adı keçir.

Xəbər xətti