Qazaxda öldürülən qadınla bağlı YENİ MƏLUMAT

16:55 - 24 İyun 2016 - Xəbər

Bir neçə gün əvvəl Qazax rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayevlə qeyri-rəsmi nikah münasibətində yaşayıb və onların qız övladları dünyaya gəlib. Daha sonra cütlüyün münasibətləri pozulub və E.Babayev başqa qadınla rəsmi nikaha daxil olub.
Lakin E.Babayev qeyri-rəsmi nikahdan doğulan qızının anası ilə münasibəti yaxşı olmasa da onunla əlaqəni kəsməyib. Hələlik dəqiqləşməmiş səbəblərdən iyunun 18-də onlar Qazax rayonunda görüşüblər və burada mübahisə ediblər. Mübahisə zəminində E.Babayev 19 yaşlı Elmiranı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Qeyd edək ki, həm E.Babayev, həm də E.Tanrıverdiyeva Bakıda yaşayırmış. Onların hansı səbəbdən Qazaxa getmələri, burada niyə görüşmələri və hadisənin konkret nə səbəbdən dava etmələri hələlik tam aydınlaşmayıb.
Hazırda faktla bağlı açılmış cinayət işinin istintaqı davam etdirilir.

Xəbər xətti