Prezident İlham Əliyev: “Azərbaycanla ABŞ arasında münasibətlər çox yaxşı səviyyədədir”

14:28 - 23 İyun 2016 - Xəbər

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinki qəbul edib.
“İki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ABŞ-a son səfərini və Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirakını məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev səfəri çərçivəsində ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və ticarət naziri Penni Pritzker ilə çox səmərəli və mühüm müzakirələrin aparıldığı görüşlər zamanı ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işinə sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb. Dövlət başçısı ABŞ Prezidenti Barak Obamaya Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgi və konfransının iştirakçılarına ünvanlanmış məktubuna və məktubda dostluq münasibətlərimizin və əməkdaşlığımızın həqiqi mahiyyətini əks etdirən müsbət fikirlərinə görə minnətdarlığını bildirib. ABŞ Dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Bridcet Brinkin Azərbaycana ötən ilki səfərini xatırlayan Prezident İlham Əliyev həmin səfərin ölkələrimiz arasında əlaqələrin inkişafında müsbət dinamika baxımından önəmli məqam olduğunu qeyd edib.
Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın gündəliyinin çox geniş sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin təhlükəsizlik, enerji və regional inkişaf kimi bir sıra məsələlərlə bağlı birgə əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. Hazırda Azərbaycan ilə ABŞ arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Birləşmiş Ştatların Dövlət katibinin köməkçisinin müavini Bridcet Brinkin ölkəmizə səfərinin əlaqələrimizin uğurla inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.
Regiona səfəri çərçivəsində yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə edən Bridcet Brink bildirib ki, səfərdən məqsəd ölkələrimiz arasında mövcud olan bütün sahələr üzrə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirməkdir. Prezident İlham Əliyevin Vaşinqtona uğurlu səfərinə və keçirdiyi görüşlərə toxunan ABŞ Dövlət katibinin köməkçisinin müavini özünün ölkəmizə ötən ilki səfərini də xatırlayıb. Bridcet Brink ölkələrimiz arasında davamlı əməkdaşlığın daha yüksək mərhələyə qaldırılması istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. Qonaq Bakıda keçirilmiş “Formula-1” Avropa Qran-pri yarışlarının uğurla başa çatması münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Xəbər xətti