Hikmət Babaoğlu: "Artıq Azərbaycanın hərbi siyasi gücü qəbul edilir"

17:26 - 22 İyun 2016 - SİYASƏT

“Düşünürəm ki, Sankt -Peterburqda keçirilən üçtərəfli görüşdə intensiv danışıqların başlanması mərhələsinin əsası qoyulub. Həmsədrlərin bəyanatında qeyd edildiyi kimi münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu  deyib.
O bildirib ki, aprelin əvvəllərində təmas xəttində baş verən hadisələrdə Azərbaycanın hərbi siyasi güc nümayiş etdirməsi 2 ildir danışıqlar masasına oturmayan Ermənistanı buna məcbur etdi: “Bilirsiniz ki, birinci görüş Vyanada keçirildi və intensiv görüşlərin başlanması ilə bağlı fikirlər səsləndirildi. O görüşlərdən biri Sankt-Peterburqda  baş tutdu. Görüşdən əvvəl Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, status-kvo qəbul edilməzdir və onun dəyişdirilməsi torpaqlarımızın işğalçı Ermənistan hərbi birləşmələrindən azad edilməsi deməkdir”.
Millət vəkilinin sözlərinə görə, Peterburq görüşündə müzakirə edilən məsələlər mərhələli həll üzərinə aparılıb: “Azərbaycanın Xarici İşlər Nazirliyi bu barədə mövqeyini bildirərkən danışıqların uğurlu olduğunu qeyd etdi.  Bu onun göstəricisidir ki, artıq Azərbaycanın hərbi siyasi gücü qəbul edilir və hər kəsə aydındır ki status-kvo uzun müddət saxlanıla bilməz. Azərbaycanda mövcud olan hərbi psixoloji əhval-ruhiyyə siyasi iradəni dəstəkləyir. Bütün bu məsələlər qısa müddətdə Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı beynəlxalq münasibətlər sistemində yeni şərtlər  formalaşdırır. Bu yeni şərtləri diktə edən tərəf ölkəmizin gücü, beynəlxalq aləmdə, eləcə də hərbi, siyasi və iqtisadi nüfuzudur.  Peterburq görüşü nəhayət ki, nəticə verən danışıqlar kimi yadda qalacaq və tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək. Bu baxımdan sözügedən görüş xüsusi həlqə kimi yadda qalacaq”.
Növbəti görüşün həmsədrlərin hər birinin ölkəsində baş tuta biləcəyini söyləyən H. Babaoğlu qeyd edib ki, Fransanın  Ermənistanda olan səfiri də  bildirib ki, üçtərəfli formatda keçirilən görüş onun ölkəsində keçirilə bilər.
“Ermənistanı real danışıqlara cəlb etmək üçün hərbi güc lazım idi. Azərbaycan bu gücü aprelin əvvəllərində nümayiş etdirdi. Ermənistan manevr imkanları tükəndiyi üçün Azərbaycanın hərbi gücü qarşısında mütləq şəkildə geri addım atmalıdır. Düşmən ölkədə məğlubiyyət əhval-ruhiyyəsi var , köç, miqrasiya prosesi daha da artıb. Ermənistan MDB məkanında ən çox miqrant verən ölkədir və bu proses getdikcə daha da sürətlənir. Bunu dayandırmaq və bir dövlət kimi dağılmasının qarşısının alınması istiqamətində Ermənistan siyasiləri, eləcə də onların havadarları dərk etməlidir ki, prosesə son qoymağın vaxtıdır. Bunun da yolu Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən keçir”- deyə, millət vəkili əlavə edib.  

Xəbər xətti