Dövləti mənəvi dəyərlərin qorunması, təbliği və təşviqi cəmiyyətin inkişaf meyarlarından biridir

19:23 - 22 İyun 2016 - KİVDF

Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir

Tarix sübut edib ki, mənəvi gücü zəif olan cəmiyyətlərdə sosial-iqtisadi, elmi-texniki inkişaf daimi ola bilməz. Çünki inkişaf və tərəqqinin dayanıqlı olması üçün cəmiyyət hərtərəfli - həm sosial-iqtisadi, həm də mədəni-mənəvi cəhətdən inkişaf etməlidir. Müstəqilliyinin bərpasının 25-ci ilini qeyd edən Azərbaycan bu gün bütün sahələrdə tərəqqi dövrünü yaşayır: sosial-iqtisadi, elmi-texniki, hərbi-siyasi və mədəni-mənəvi baxımdan güclənir.  Bunu Azərbaycan Respublikası Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Başqa sözlə, bu gün Azərbaycan cəmiyyətinin və dövlətinin həm sosial-iqtisadi inkişafının, həm də mənəvi tərəqqisinin bünövrəsində Heydər Əliyev siyasəti dayanır. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib. "Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində, eləcə də ölkədə vicdan azadlığının bərqərar edilməsində, tolerant və multikultural ənənələrimizin təbliğində və təşviqində əməli fəaliyyəti ilə misilsiz rol oynayıb. Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu Öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub, dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktlara riayət edilməsinə nəzarət gücləndirilib, konfessiyalar arasında dözumlülük mühiti yaxşılaşdırılıb, eləcə də dini-tarixi abidələrimizin tikintisi, bərpası və qorunması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu sahədə Heydər Əliyevin müdrik, cəsarətli, tarixi qərarlarından biri isə 15 il öncə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub".
Komitə sədri bildirib ki, o dövrdə - Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ictimai həyatın bütün sahələrində mövqeyini ortaya qoymaq ehtiyacı ilə üzləşmişdi. Onun sözlərinə görə, yenidən qurulan dövlətin dəyərlər sisteminin dəqiqləşdirilməsi mürəkkəb daxili və beynəlxalq vəziyyət şəraitində müstəqil dövlət quruculuğuna başlayan Azərbaycan üçün müstəsna əhəmiyyətə malik idi. "Belə bir vaxtda vacib məsələlərdən biri də dövlətin din məsələlərinə münasibəti, ölkədə mövcud olan fərqli dini icmalara və konfessiyalara münasibətinin prinsipial məqamlarının müəyyənləşdirilməsi hesab olunurdu. Zaman keçdikcə belə bir vacib sahənin idarə olunması mexanizmlərinin mərkəzləşdirilməsi, müvafiq mərkəzi icra hakimiyyəti orqanının yaradılması zərurəti aktuallığını daha da artırırdı. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi o dövrdə ölkəmizi böyük humanitar fəlakətlə üz-üzə qoymuş, humanitar yardım adı altında müxtəlif ölkələrin fondları, yardım təşkilatları respublikamıza ayaq açmağa başlamışdı. Və bu fondların, təşkilatların “humanitar yardım” adı altında bölgədə möhkəmləndikdən sonra missionerlik fəaliyyəti həyata keçirəcəkləri, öz ölkələrinin dövlət-din münasibətləri modelini Azərbaycanda tətbiq etmək istəyəcəkləri Heydər Əliyev kimi uzaqgörən siyasətçi üçün gün kimi aydın idi. Buna görə də Ulu Öndər 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılması barədə fərman imzaladı və Dövlət Komitəsinin qarşısına Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması və digər vəzifələr qoydu. Xüsusi vurğulamaq lazımdır ki, dövlət-din münasibətlərini tənzimləyən hökumət üzvü statusunda mərkəzi icra hakimiyyəti orqanı MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanda yaradılıb. Sonradan MDB-nin, eləcə də Avropanın bir sıra dövlətləri ölkəmizin təcrübəsindən yararlanaraq bu statusda dövlət qurumları təsis etməyə başlayıb".
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Dövlət Komitəsi fəaliyyət göstərdiyi illər ərzində din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dini dözümsüzlük meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. "Ölkədə dini durum, bu sahədə mövcud problemlər, zərərli təriqətlərin təbliği, dini icmaları narahat edən məsələlər dərindən öyrənilib və onların həllində müsbət nəticələr əldə olunub. Dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib, radikal təriqətlərin təsir dairəsindəki dini icmalarla lazımi iş aparılıb. Təbii ki, cəmiyyətin bütün təbəqələrini əhatə edən bu fəaliyyətin özünəməxsus xüsusiyyətləri və çətinlikləri var. Lakin Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və ölkənin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır".
Onu da qeyd edək ki, milli-mənəvi irsimizin, onun tərkib hissəsi kimi dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması qloballaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusilə vacibdir. "Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. “Dinimiz milli-mənəvi sərvətimizdır” - deyən Ulu Öndər Heydər Əliyevin xidmətləri nəticəsində bu gün milli və dini dəyərlərimiz xalq tərəfindən, dövlətin himayəsi altında qorunur və daha da inkişaf etdirilir,-komitə sədri bildirib.
(ardı var)

Xəbər xətti