Fatih Terim: "“Onlara “biz bitdi demədən bitməz” sözünü xatırlatmaq lazımdı"

11:14 - 22 İyun 2016 - İDMAN

“Allah nəsib edərsə, qrupdan çıxacağıq. Hazırkı vəziyyətdə şansımız 80-90 faizdi”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə millisinin baş məşqçisi Fatih Terim deyib.Avropa çempionatının qrup mərhələsində son matçını Çexiyaya qarşı keçirən “ay-ulduzlular” 2:0 hesabı ilə qalib gələrək, 1/8 finala vəsiqə şansını artırıblar.
Təcrübəli mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ilk görüşdə səhvə yol verdiyini etiraf edib: “Futbol sürprizlərlə doludu. Növbəti mərhələdə rəqib çox güman ki, Uels olacaq. Amma biz əvvəlcə qrupdan çıxaq. İndi 1/8 final barədə danışmaq doğru olmaz. Qrupun ilk iki oyununda səhv etdim. Amma bu dəfə komandamız daha yaxşı idi. Futbolda taktika, fiziki hazırlıq, sistem önəmlidi. Amma Türkiyənin ortaq nöqtəsi olan hissləri, ürəyi, məğlubiyyətə refleksi ilk iki matçda görə bilmədiyimiz üçün məyus olmuşdum. Bu gün bunların hamısını gördüm. Düşünürəm ki, hətta E və F qruplarını da gözləməyə bilərdik. Futbolçularımız psixoloji cəhətdən çox yorulmuşdular. Bunu ancaq qələbə ilə dağıtmaq mümkün idi”.
63 yaşlı çalışdırıcı azarkeşlərin növbəti mərhələlərdə daha güclü Türkiyə yığması izləyəcəyini bildirib: “Bu gözəl mübarizənin nəticəsi mərhələ adlamaq olar. Belə olarsa, bu qələbənin bir əhəmiyyəti qalar. Qrupdan çıxa bilməsək, çox üzülərəm. Bu bir həqiqətdi ki, biz yolumuza davam etsək, yenidən başlamış kimi olacağıq. Bundan sonra daha yaxşı olacağını düşünürəm. Təcrübəm belə deməyə əsas verir”.
İspaniya ilə qrupun II tur matçından sonra UEFA-nın rəsmi saytında səhvən Türkiyə millisinin şansının qalmadığı yazılmışdı. Terim bunu özünəməxsus şəkildə cavablandırıb: “Onlara “biz bitdi demədən bitməz” sözünü xatırlatmaq lazımdı. Bəzən belə səhvlər olur. Görünür, ilk iki oyundakı məğlubiyyətdən sonra ümidsizliyə qapılıblar”.
Çexiya ilə görüşü yüksək səviyyədə keçirən gənc yarımmüdafiəçi Əmrə Mora tərif yağdıran baş məşqçi İspaniya ilə qarşılaşmada ona şans verməməsinin səbəbini də izah edib. O, 18 yaşlı oyunçunu qorumaq üçün bu addımı atdığını vurğulayıb: “İspaniya ilə görüşdə Əmrəni özüm meydana buraxmadım. O həngamədə belə bir futbolçunu itirə bilərdik. Bura xilaskar kimi gəlməsi onu qazanmaq baxımından çox önəmli idi. Məncə, Türkiyə yığması çox önəmli bir futbolçu qazandı. Əmrə bundan sonra meydana daha inamlı çıxacaq. Çexiya ilə oyunda onu sona qədər meydanda saxlamaq fikrim var idi. Amma yorulduğu üçün özü çıxmaq istədi”.
Terim mətbuat konfransında TRT əməkdaşının sualını cavablandırmaqdan imtina edib. O, bundan sonra TRT-yə açıqlama verməyəcəyini də bildirib: “TRT-nin suallarını cavablandırmıram. Sizinlə bir əlaqəsi yoxdu. Bundan sonra nə TRT-nin studiasına gedərəm, nə də suallarını cavablandıraram”.

Xəbər xətti