Azərbaycan nümayəndə heyəti Süleyman Dəmirəlin anım mərasimində iştirak edib

13:46 - 20 İyun 2016 - SİYASƏT

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası  Dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və Milli Məclisin üzvü Ağalar Vəliyev Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəlin vəfatının birinci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün 16-18 iyun tarixlərində Türkiyədə səfərdə olublar. Anım mərasimi mərhumun dəfn olunduğu Türkiyənin İsparta şəhərinin İslamköy kəndində  keçirilib. Mərasimdə Türkiyənin əmək və sosial təminat naziri Süleyman Soylu, Böyük Millət Məclisinin sabiq sədri İsmət Sezgin, Türkiyə Prezidenti Administrasiyasının baş katibi Fahri Kasırga, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun rəhbəri, deputat Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, ictimaiyyət nümayəndələri və başqaları iştirak ediblər. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə gül çələngi qoyulub.

Sonra İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində görkəmli siyasi və dövlət xadiminin xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə universitetin müəllimləri və tələbələri, İsparta şəhərinin bələdiyyə sədri Yusuf Ziya Günaydın, İsparta vilayətinin valisi Şehmus Günaydınla yanaşı, anım mərasimində iştirak edən Azərbaycan nümayəndə heyəti də iştirak edib. Əvvəlcə S.Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub. Tədbirdə Süleyman Dəmirəlin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib. Azərbaycan nümayəndə heyəti adından çıxış edən Əhliman Əmiraslanov  Süleyman Dəmirəlin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında mühüm rolundan bəhs edərək  Ulu öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin səyləri nəticəsində ölkələrimiz arasında yaranmış dostluq və qardaşlıq münasibətlərinin bu gün qətiyyətlə davam etdirildiyini diqqətə çatdırıb.

 

Elmin


Xəbər xətti