XİN: "Yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şengen vizası rəsmiləşdirilir"

16:23 - 16 İyun 2016 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bako Saakyanın Brüsselə səfərinə münasibət bildirib.XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bakı Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyil: “Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika Parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. Radikal təfriqəçi və İslamafob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Azərbaycan Respublikasının Belçika Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika Parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib.
Ermənistan Respublikasının diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şengen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış məlumat verir. Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrin halında Şengen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda, saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şengen vizası rəsmiləşdirilir.
Bu bir daha onu sübut edir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır”.

Xəbər xətti