Serbiyada Bakı haqqında kitab çıxdı - FOTO

00:46 - 16 İyun 2016 - MEDİA

Serbiyanın paytaxtı Belqrad şəhərində müəllifləri Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Nərgiz Məmmədova və Azərbaycanın incəsənət xadimi Bəhram Bağırzadənin“BAKU” adlı kitabının təqdimatı keçirilib. Kitabda paytaxtımızın qədim və müasir, eyni zamanda zəngin memarlıq irsini tərənnüm edən şəkillər əks olunub. Təqdimat zamanı N.Məmmədova kitabdan söz açaraq, Azərbaycanın zəngin mədəniyyətindən, qədim tarixindən  və müasir dövrünün nailiyyətlərindən danışıb.

Təqdimat mərasimində “Admiral books” nəşriyyat  evinin direktoru Zoran Rapayiç kitabın müəllifləriylə əməkdaşlıqdan danışıb, tanınmış serb şairə Militsa Liliç Yeftimiyeviç Bakı şəhərinə həsr olunmuş və hazırkı kitabda yer almış öz şeirini səsləndirib.
Tədbirin sonunda qonaqlara müğənni Rəşid Behbudovun Bakı haqqında mahnılarının müşayiəti altında kitabın videoprezentasiyası təqdim edilib və serb müğənni İvana Muncanın ifasında “Sarı gəlin” mahnısı səsləndirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin əməkdaşları, Serbiya parlamentinin deputatı, Serbiya-Azərbaycan parlamentarası dostluq qrupunun üzvü Dragomir Kariç, Beynəlxalq İctimai Siyasət Mərkəzinin direktoru Mişel Zubenitsa, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, və diqər ziyalı şəxslər iştirak ediblər. Tədbir Serbiya mətbuatında geniş işıqlandırılıb. 


Xəbər xətti