Hikmət Babaoğlu: "Xalqımız ulu öndər Heydər Əliyevin qurduğu dövlətlə fəxr edir"

18:52 - 14 İyun 2016 - SİYASƏT

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
“15 İyun - Milli Qurtuluş Günü milli dövlətçiliyimizin bərpası, xalqımızın yenidən siyasi təşkilatlanma üçün qədəm qoyduğu və vahid milli lider ətrafında birləşdiyi gündür. Əgər 1993-cü il iyunun 15-də Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin ətrafında yenidən siyasi təşkilatlanmanı bacarmasaydı, hazırda müstəqil, qüdrətli və inkişaf etmiş Azərbaycandan danışmaq mümkün olmazdı. Olsaydı belə formal bir Azərbaycandan danışmaq mümkün olardı”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu "İki sahil" qəzetinə açıqlamasında bildirdi.
H. Babaoğlunun sözlərinə görə, məhz bu tarix ölkəmizin sonrakı iqtisadi, siyasi, mədəni inkişafını təmin etməklə onu regionun qüdrətli dövlətinə çevirdi: “Əlbəttə, müstəqillik çətin bir prosesdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, müstəqilliyin qorunması daha da çətin prosesdir. Ona görə ki, özlüyündə müstəqil xarici siyasət formalaşdırmaq və milli maraqları müəyyən etmək müasir beynəlxalq münasibətlər sistemində ən mürəkkəb və çətin məsələlərdən biridir. Çünki beynəlxalq münasibətlər sistemində mövcud olan qlobal faktorlar milli dövlətlərin müstəqilliyinə qısqanclıqla yanaşırlar. Onların iqtisadi, siyasi, mədəni-intellektual resurslarını istismar etməyə çalışırlar. Məhz sadaladığımız milli resursları təqdir edərək milli gücün ətrafında cəmləşdirmək, ondan bir vasitə kimi istifadə edərək müstəqilliyi gücləndirmək yalnız böyük tarixi şəxsiyyətlərə nəsib olan məsələdir. Təbii ki, bunu da ümummilli lider Heydər Əliyev müvəffəqiyyətlə bacardı. Bundan sonra da Azərbaycan daimi inkişaf mərhələsinə çıxdı”.

Xəbər xətti