Gömrükçülər külli miqdarda siqaret aşkar edib

14:26 - 14 İyun 2016 - Xəbər

Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, Sadıxlı gömrük postunda isə Gürcüstan Respublikasından Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

 
Bütün faktlarla bağlı araşdırma aparılır.


Xəbər xətti