Tahir Kərimlidən ittihamlara cavab

13:39 - 13 İyun 2016 - SİYASƏT

Əsassız ittihamlarla zaman-zaman qarşılaşsam da, son dövrlər bunların təkrarlanması və yeniləri ilə artması məni cavab vermək zorunda qoyur. 
Barəmdə şəxsiyyəti aşağılayıcı yalanları çox eşitsəm də, qarşı tərəflə bu cür davranmamışam, baxmayaraq ki, daha çox faktlara malik olmuş, yalnız məsul şəxslərin ictimai-siyasi fəaliyyətini tənqid etmiş və heç zaman etik çərçivələri aşmamışam. Lakin taftoloji leksikona malik çərənçi ritorikanı mənimsəmiş, primitiv eqosentrist baxışları ilə narsistcəsinə özünə vurğun, güclü intelektual fəlsəfi-siyasi tutumu olduğunu zənn edən bəziləri savaşqan bəqələmun pozası alaraq, bezikdirici dərəcədə tərəf-müqabil axtararaq, şər, şaiyə janrından istifadə etməklə qəlb bulandıran ifrazat buraxmaqdan usanmırlar. Bir neçəsini xatırladım: Bir Partiya sədri haqqımda aşağılayıcı ifadə işlətmək üçün başqa bir siyasi xadimlə müqayisə edərək, savadsız olduğumu, siyasi isterik çıxış etməyimi və hazırki  hakimiyyətin ömrünün Tahir Kərimlinin təmsil olunduğu hakimiyyətin ömrü kimi “inşəallah bir il” olacağı proqnozunu verir. Bu tip insanlara xatırlamalı olursan ki, bəli, mənim bəzi Parlament və mitinq çıxışlarımda emosialar olmuşdur. Ancaq bu zaman Allahın ürəyimə saldığı millət və insan sevgisindən savayı heç nə düşünməmişəm. Belə çıxır ki, bu tip şəxslər əslində məni yox, Allahın ürəyimə saldığı iradəsini təhqir edirlər.  Məgər Alim Qasımovun ruhu titrədən zəngulələri, Nəsiminin həqiqət çırpıntıları, Koroğlunun nərəsi, Babəkin hayqırtısı, Maratın vətən çağırışları, Spartakın azadlıq mübarizəsi, Sabirin satirası, K.Atatürk, H.Əliyev, N.Ərdoğan və digər dövlət, siyasət xadimlərinin bir çox çıxışları, X. Ruzbehin fədakarlığı isterika əlamətləridirmi? İnsan ruhunun bir damcı riya olmadan vulkan kimi püskürməsini beləmi təhqir edərlər? Artur Ovodun atasına belə güzəşt getmədiyi əqidə  inqilabçılığına beləmi lağ edərlər? Mahatma Qandi məxməri, Pablo Neruda üsyankar etiraz formalarını seçsələr də məqsədləri müqəddəs idi. Onların hansınısa qınamaq günah deyilmi? Axı, biz haqq uğrunda mübarizəni onlardan əxz etimişdik. Məgər AXC hakimiyyətinin bir il çəkməsi, mənəmi bağlı idi? İndiki hakimiyyətin ömrü də mən deputat olduğuma görə bir il olacaq?! Mən o zaman da beş il deputat olmuşam, qismət olsa yenə bu qədər olacağam. Bəlkə mənim günahım bundan ibarətdir ki, xalqım məni seçdiyi halda, nə üçün hakimiyyətin bununla razılaşmasına imkan vermişəm. Məgər mən bir çoxu kimi siyasi alvermi etmişəm? On illərlə əqidəli insanların arzularını öz hakimiyyət və mülkiyyət istəklərinə qurban edənləri bəlkə başqa yerdə axtarmaq lazımdır. Neynək ,mən savadsız, sən savadlı ol! Təki xalqımıza fayda verə biləsən. Yunus Əmrənin əlyazmalarını yandıran paxıl Şeyx, sonda oxuyanda ki, Yunus bu Əlyazmaların toplanıb xalqa çatdırmasını öz şerində həmin adamdan umub, əlbəttə, o Şeyx çox sarsıldı, müəyyən qədər peşiman oldu. Kaş ki, Sizlərin də qəlbində zərrə qədər ədalət hissi olaydı!
    Bir başqasına baxın: Rəhmətlik Əbülfəz bəyin mətbuat katibi öz yazılarında, şaiyə əsasında, guya mən avtomaşınıma “002” nömrəsini tələb etmişəm yazıb. Müstəqil məhkəmə hakimiyyəti uğrunda mübarizəmə verilən dəyər budurmu? Bəyin köməkçisi isə hətta mənim və məhkəmənin 58 vəzifəli şəxsi işə bərpa etdiyimi, başqa bir saytda guya rəhmətliyin özünün İsa bəyin, Pənah bəyin işdən çıxardığı şəxsləri mənim bərpa etməyimi onların isə sonra qiyamçılara qoşulmasını üzümə deməsi kimi cəfəngiyyatlar uydururlar. 23 ildən artıqdır ki, bu primitiv şaiyə aparatı xeyli insana belə yalanları inamdıra bilmişdir. Dəfələrlə tələb etmişəm ki, heç olmasa bizim bərpa etdiyimiz hansısa bir nəfərin adını çəkin. Axı, beləsi yoxdur! Ancaq nə fayda. Mən isə AXC hakimiyyətinin işə bərpa etdiyi mafiozların adını dəfələrlə çəkmişəm. Bir də, Hz. Əli deyirdi ki, günahı tabeçiliyində olanlarda axtaran rəhbər ən pisidir. Heç də bütün varlıqlar aynada öz əksini gördükdə özləri olduğlarını dərk etmirlər, onu başqası hesab edib, cəng etmək istərlər. Cənablar “bumeranq effektini” unutmayın! Axı zərbə özünüzə, bir də ədalətə dəyə bilər!...
    Qeyri-ixtiyarı keçdiyimiz keşməkeşli həyat və mübarizə yoluna qiymət vermək istəyirən. Görən xüsusi mülkiyyət qafalarda hakim ikən Alturizm ictimai ədalətin bərqərar olmasına kifayət edərmi? Tarixin ədalət axtarışları, Platonun “Qızıl Əsr” ideyası, Diogenin çəlləyi, cənnət və Komunizm arzuları, futuroloji postindustrial nəzəriyyələr utopiya olaraq qalmırmı? Arı özündə ən şirin və ən acını birləşdirdiyi kimi sosial varlıq olan insan fəzilət və qəbahətlərin cəmi olan ruhi vəziyyətə malik deyilmi? Cəmiyyətin hərəkətverici qüvvəsi olan inqilabları və ya permanent islahatları mütərəqqi sonuca çatdırmaq üçün lider, təşkilat və kütlə münasibətlərinin optimal nisbəti necə olmalıdır? Bəşərin xilası eşqdə isə, reallıq bunun həqiqət mərtəbəsindən sufi zikri səviyyəsinə salmırmı? 
    Qəhrəmanını gözü qabağında: ya tribunada, ya da dar ağacında görməyi təhtəl-şüur tələb edirsə, onun daşqalaq olma, “xalq üçün ağlayan gözünün çıxarılması” ehtimalı daha çox deyilmi? 
    Haqq üçün ağrıyan qəlbin əzabları könüllü seçilmirmi? Bir zamanlar “ağrısı bütün bədəni sarsıdan, ifunət mənbəyi olan, çürümüş dişə bənzər partokratiyanı tarixin zibilliyinə atmaq” eşqi siyasi vüsala çatandan sonra, qurduğumuz xəyallardan nə çox ağrılar yarandı? 
    Səhrada mənzil başına çatmaq üçün az miqdar suyu olan qucağı uşaqlı ana suyu özü içsə,uşağı susuzluqdan öləcək, uşağı içizdirsə, özü öləcək, mənzil başına çatmadan uşağı da onunla öləcək. Belə halda nə etməli? Qaranlıq işığı parçalaya bilməsə də, işıq qaranlığı parçalayır, həm də işığın anası elə qaranlıqdır. Bəlkə buna görədə fərdi və ictimai həyatda nikbinlik bədbinlikdən üstün istək olmalıdır. Gəlin buna inanaq, gələcəyimizi pislikdən qoruyaq, ona işıqlı baxaq. Bacım oğlunu şəhid etmiş qanlı düşmənim erməninin də uşağının əzab çəkməsini istəməyən (hiyləsiz körpə baxışlarını xatırlayaraq) və məni alçaltmaq istəyən şəxslərin də qəlbinə şəfqət arzusuyla Tahir Kərimli.

Xəbər xətti