Ermənistana keçən azərbaycanlı qadın geri qaytarıldı

15:39 - 10 İyun 2016 - Xəbər

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da iyunun 7-də Ermənistana keçən azərbaycanlı qadının geri qaytarılması barədə məlumat yayıb. Lent.az-ın Komissiyanın rəsmi saytına istinadən xəbərinə görə, aidiyyəti beynəlxalq təşkilatlarla aparılan səmərəli danışıqlar nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasının ərazisində saxlanmış Azərbaycan vətəndaşı, Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızı 10 iyun 2016-cı il tarixdə azad edilib. Sağlamlıq durumu nəzərə alınaraq, azad edildikdən sonra Qətibə Ələkbərova dispanser qeydiyyatında olduğu Qazax rayonlararası ruhi xəstəxanasına təhvil verilib.
İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. 

***
 
13:54
 
Ermənistana keçən qadın Azərbaycan tərəfə qaytarılıb.APA-nın məlumatına görə, Gədəbəy sakini Qətibə Ələkbərova bu gün Azərbaycan tərəfə təhvil verilib.
 Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi də Azərbaycan vətəndaşının repatriasiya olunması haqqında məlumat yayıb.
 Nümayəndəlikdən APA-ya verilən məlumatda deyilir ki, iyunun 7-də sərhədi keçən mülki Azərbaycan vətəndaşı bu gün, BQXK-nın himayəsi altında keçirilən əməliyyat zamanı repatriasiya olunub.
 O, Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Azərbaycan rəsmilərinə təhvil verilib.
 BQXK neytral vasitəçi qismində çıxış edərək, Azərbaycan və Ermənistan hakimiyyət orqanlarına bu əməliyyatın həyata keçirilməsinə yardımçı olub. Repatriasiyadan əvvəl BQXK-nın nümayəndələri qadın Azərbaycana geri göndərilməmişdən əvvəl onunla rəftar və saxlandığı şəraiti qiymətləndirmək üçün ona baş çəkiblər.
 Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri bu regionda fəaliyyət göstərir.
 Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Gədəbəy rayonu Arabacı kənd sakini, 1977-ci il təvəllüdlü Ələkbərova Qətibə İbrahim qızı iyunun 7-də Ermənistana keçib.
 Araşdırma nəticəsində onun Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyənləşib.
 Əlavə edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar  işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.   
 Lakin Tovuz rayon Polis Şöbəsindən eləcə də icra orqanlarından APA-nın qərb bürosuna bildirilib ki, Yanıqlı kəndində Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxs yaşamayıb. 

Xəbər xətti