Prezident İlham Əliyevdən Türkiyəyə JEST - Bundestaqda görüşdən imtina etdi

17:45 - 9 İyun 2016 - Xəbər

“Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı qardaş Türkiyəyə növbəti jest nümayiş etdirib”.Publika.az Türkiyənin “TRT Avaz” telekanalına istinadən xəbər verir ki, bu barədə “Xəzər” Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş katibi, Türkiyənin Rusiyadakı sabiq səfiri Halil Akınçı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı Bundestaq və Dostluq Qrupunun üzvləri ilə də görüşlər keçirməsi planlaşdırılsa da, ancaq Azərbaycanın dövlət başçısı alman deputatlarla görüşdən imtina edib.
H.Akınçı deyib ki, Prezident İlham Əliyevin bu addımı Türkiyəyə böyük jestdir:
“Məlum olduğu kimi, iyunun 2-də Almaniya bundestaqı qondarma “erməni soyqırımı” ilə bağlı “qətnamə” qəbul etmişdi. Bu ərəfədə qardaş ölkə olan Azərbaycanın Prezidenti cənab İlham Əliyev Almaniyaya səfər etdi. Həmin səfər zamanı Prezident İlham Əliyev protokoldan kənara çıxaraq, Almaniya bundestaqının deputatları ilə görüşməkdən imtina edib.
Prezident İlham Əliyev çıxışlarında da hər zaman qeyd edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş ölkələrdir. Doğrudan da, Azərbaycan bir daha Türkiyənin yanında olduğunu nümayiş etdirdi”.

Xəbər xətti