Samux sakini bacısını qısqanclıq zəminində qətlə yetirib -VİDEO

15:58 - 9 İyun 2016 - Xəbər

Ötən gün Samux rayonunda baş verən dəhşətli qətl hadisəsi geniş ajiotaja səbəb olub. Ailənin yaxınları və kənd sakinləri hadisə ilə bağlı müxtəlif ehtimallar səsləndirirlər. Samux rayon prokurorluğundan bu gün verilən açıqlama ilə hadisənin əsas motivi məlum olub.
Ötən gün axşam saatlarında Samux rayonunun Hacallı kənd sakini 30 yaşlı Gülnarə Həsənova oğlu ilə birlikdə yaşadığı mənzildə şam yeməyi zamanı qardaşı 32 yaşlı Cavad Həsənov tərəfindən qətlə yetirilib. Çoxsaylı bıçaq xəsarətləri alan qadın hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun övladı: “Biz anamla yemək yeyirdik, dayım gəldi anamı vurdu, nə qədər itələdim qaçmadı”.

Mərhumun anası Elnaz Həsənovanın sözlərinə görə, bacı ilə qardaş arasında münaqişə bir neçə aydır başlayıb. Hər dəfə övladlarını barışdırmağa çalışan ana bu dəfə əlacsız qalıb. Ana ilə yanaşı, ailənin qohumları da bacı-qardaşın mübahisəli həyat yaşadıqlarını gizlətmir.

Elnaz Həsənova- mərhumun anası: “Bunlar düşmən kimi yaşayırdılar. Düzdür arada bir danışırdılar, amma düşmən olaraq qalırdılar. Çünki bunu o qədər yoldan çıxarıblar, qızı pis qələmə veriblər”.

Bəyaz Həsənova- mərhumun xalası: “Bu, içkili olub. Bu içkili olanda çox pis olur”.

Polis isti izlərlə cinayəti törədən Cavad Həsənovun istintaqdan yayınmasına imkan verməyib. İlkin dindirmə zamanı hadisənin qısqanclıq zəminində törədildiyi məlum olub.  

Namiq Süleymanov- Samux rayon prokurorunun köməkçisi: “08 iyun saat 19:00 radələrində Hacallı kəndində Həsənova Gülnarə Rafət qızının yaşadığı evində üzərində kəsici-deşici alətlə qətlə yetirilən xarakterik zorakılıq əlamətləri olan meyidi aşkar edilib. Həmin cinayətin törədilməsində mərhumun qardaşı 1984- cü il təvəllüdlü Həsənov Cavad Rafət oğlu şübhəli şəxs qismində saxlanılıb. Dindirilmə zamanı saxlanılan Cavad Həsənov bacısı Gülnarə Həsənovanı qısqanclıq zəminində qətlə yetirdiyi deyib”.

Bir neçə ay öncə həyat yoldaşından ayrılan Gülnarə Həsənova evdə 3 övladı ilə birgə yaşayırmış. Bacı qatili olan qardaşın əməlinə hüquq-mühafizə orqanlarının araşdırmasından sonra qiymət veriləcək.Kəpəz TV (Region TV) 

Xəbər xətti