Rusiyalı müğənninin adı XİN-nin "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb

16:50 - 8 İyun 2016 - SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının vətəndaşı Denis İliç Klyaverin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair açıqlama yayıb. XİN-dən verilən məlumata görə, Rusiya Federasiyasının vətəndaşı, müğənni, aktyor və bəstəkar, “Чай вдвоём” qrupunun keçmiş üzvü Denis İliç Klyaver Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Məktubunda D.Klyaver Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.  
Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, D.Klyaver Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. D.Klyaver həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.  
D.Klyaverin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. 

Xəbər xətti