Madonnanı öldürən sürücü həbs edildi - FOTO

16:39 - 8 İyun 2016 - HADİSƏ

Baş Prokurorluq qadının öldüyü qəza ilə bağlı məlumat yaydı

Baş Prokurorluq Bakıda qadının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü “isti izlər”lə açılıb. Belə ki, iyunun 7-də saat 01 radələrində Nizami rayonu, Babək prospekti 75 saylı evin qarşısında şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçmış, nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi “BMV 520” markalı 90-UU- 748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib. Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruri istintaq tədbirləri davam etdirilir.
****
11:05
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbər verir ki, iyunun 7-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 50-55 yaşlı qadın vurulub. Piyada hadisə yerində ölüb. Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Vadim Yakuşov tutulub. Ölən qadının kimliyi araşdırılır.
*****
 
7 iyun
Bu gecə Bakıda ağır yol qəzası baş verib. Saat 01:30 radələrində Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində avtomobil 50-55 yaşlı qadını vurub. Zərbənin gücündən 20-25 metr məsafəyə düşən qadın hadisə yerindəcə keçinib. Hadisəni törədən sürücü avtomobili ilə birgə uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən yaxınlığında kirayədə yaşayan Madonna adlı qadındır.

Xəbər xətti