Azərbaycanın beynəlxalq əlaqələri möhkəmlənir

19:13 - 8 İyun 2016 - KİVDF

Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin görüşü olub. Kansler Angela Merkel Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin və Azərbaycan dövlətinin başçısı ilə müxtəlif tədbirlərdə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Azərbaycanın mühüm coğrafi mövqedə yerləşdiyini deyən Federal Kansler dünyada gedən iqtisadi böhran və neftin qiymətinin kəskin düşməsi məsələlərinə toxunaraq Almaniya Hökumətinin bu böhranın aradan qaldırılması üçün Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi islahatları, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində gördüyü tədbirləri alqışladığını bildirdi. Azərbaycan Prezidentini ölkəsində salamlayan Almaniyanın Federal Kansleri Angela Merkel budəfəki görüşdə ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəlindiyini bildirdi. Azərbaycanda aparılan iqtisadi islahatların bu sahədə şaxələndirməyə geniş imkanlar açdığını deyən Angela Merkel Almaniyanın həmin prosesdə iştirak etməyə hazır olduğunu diqqətə çatdırdı. “Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq”, - deyən Kansler Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını vurğuladı. Bildirdi ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək. Almaniyanın Federal Kansleri onu da vurğuladı ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqələri sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var.
Prezident İlham Əliyev son zamanlarda Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlərdən danışaraq ölkəmizdə iqtisadiyyatın neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, iqtisadi imkanların daha da artırılması və digər sahələrdə ciddi addımların atıldığını bildirdi. Dövlətimizin başçısı ölkədə yoxsulluğun azaldılması, əhalinin rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən işlərdən danışdı. Prezident İlham Əliyev səfər çərçivəsində Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunun əhəmiyyətini vurğulayaraq bu tədbirin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında fəal siyasi dialoqun mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Azərbaycan-Almaniya əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi”, - deyən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyir. 
Dövlət başçısı deyib ki, Ermənistan Azərbaycan ərazilərini güc yolu ilə işğal edib. İlham Əliyev bildirib: "Kimin təcavüzkar, kimin təcavüz qurbanı olduğunu görmək üçün regionun xəritəsinə baxmaq kifayətdir". Prezident İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Dövlət başçısı qeyd edib ki, Ermənistan Xocalıda hərbi cinayət, soyqırım törədib və hazırda Xocalı faciəsi 10 ölkə tərəfindən soyqırım kimi tanınıb. Prezident İlham Əliyev, həmçinin vurğulayıb ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər öldürülüb və bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan təkcə Dağlıq Qarabağı deyil, həm də Azərbaycanın digər yeddi rayonunu işğal edib, Azərbaycanın tarixi abidələrini, məscidlərini dağıdıb. İşğalçı beynəlxalq vasitəçilərin münaqişəni sülh yolu ilə nizamlanması çağırışlarına məhəl qoymur. Dövlət başçısının sözlərinə görə, sonsuz danışıqları uzatmaq üçün Ermənistan tərəfi, məsələn, aprelin əvvəlində olduğu kimi danışıqlar prosesini pozmaq məqsədilə bəzən təxribatlar törədir. Lakin bu dəfə Ermənistan tərəfi nəticələrlə bağlı yanıldı, Azərbaycan Ordusunun əks-hücumü nəticəsində Azərbaycan öz torpaqlarının bir hissəsini geri qaytara bildi:“ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib”.
 Azərbaycan Prezidenti bildirib ki, Ermənistan hökuməti beynəlxalq hüquq normalarına riayət etməlidir, digər ölkələrin qanunsuz işğalı tamamilə qəbuledilməzdir. Dövlət başçısı, həmçinin qeyd edib ki, Ermənistan işğalı dayandırmağa başlamalıdır, bundan sonra bütün əlaqələr açılacaq, nəqliyyat əlaqəsi bərpa ediləcək, həmçinin istənilən hərbi ssenari ehtimalı aradan qalxacaq. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir.  Dövlət başçısının sözlərinə görə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmadığını, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisini işğal etdiyinə görə Ermənistana heç bir sanksiyanın tətbiq edilmədiyini deyən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan münaqişənin sülh yolu ilə, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həll olunmasını istəyir: "Biz hərbi əməliyyatları dayandırdıq, çünki müharibə istəmirik, bizə sülh lazımdır. Azərbaycan ərazilərini geri qaytarmaq istəyir". 
Rusiyanın Ermənistana silah satması faktı Azərbaycanda heç bir "allergiya" yaratmır. Prezident bildirib: "Biz Rusiyaya strateji tərəfdaşımız qismində baxırıq. Biz başa düşürük ki, Rusiya iri silah istehsalçısıdır və istənilən ölkədə onu sata bilər. Rusiyanın Azərbaycana silah satması faktı Ermənistanda "allergiya" doğurur". Dövlət başçısı qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan silahın dəyərini tam ödəyib: "Rusiya Azərbaycanın silah aldığı yeganə ölkə deyil. Sirr deyil ki, Türkiyə, İsrail, Belarus, İran və bir çox digər ölkələrdən silah alırıq, çünki biz silahlı qüvvələrimizi modernləşdiririk".
İlham Əliyev vurğulayıb ki, Rusiya, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələdə Rusiyanın rolunu çox müsbət kimi nəzərdən keçirir: "Ümid edirik ki, Rusiya ABŞ və Fransa ilə yanaşı, bütün potensialından istifadə edəcək ki, Ermənistanı işğal olunmuş əraziləri tərk etmək vaxtının çatdığına inandırsın".
Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışarkən bildirdi ki, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Bundan əlavə, ölkələrimizin enerji sahəsində yaxşı əməkdaşlıq qurduğunu deyən dövlətimizin başçısı bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğuladı, Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin önəmindən danışdı. “Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir”, - deyən Prezident İlham Əliyev ölkəmizdə bütün azadlıqların təmin olunduğunu bildirdi, Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən insanların sülh və harmoniya içərisində yaşadıqlarını xatırlatdı.

Xəbər xətti