Binəli Yıldırım: "Beynəlxalq birlik Azərbaycana qarşı ikili standartlardan imtina etməlidir"

17:24 - 3 İyun 2016 - SİYASƏT

Azərbaycanın dostu Türkiyənin dostu, Azərbaycanın düşməni Türkiyənin düşmənidir. Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında bildirib. Baş nazir qeyd edib ki, Türkiyə həmişə Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
B.Yıldırımın sözlərinə görə, çox təəssüf ki, Azərbaycana qarşı ikili standartlar tətbiq olunur.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının uzun illərdir davam edən erməni işğalına son qoymağın vaxtı gəlib çatıb: "Minsk qrupu kimi beynəlxalq təşkilatlar bu məsələni həll etməlidirlər və Türkiyə bunu diqqətlə izləyir".
Baş nazir əlavə edib ki, beynəlxalq təşkilatlar öz maraqları çərçivəsində vacib qərarlar qəbul edir, lakin iş Azərbaycan və Türkiyəyə çatanda bu təşkilatların mövcudluğu sadəcə görünmür və bu, ikili standartların bariz nümunəsidir: "Beynəlxalq birlik Azərbaycana qarşı ikili standartlardan imtina etməlidir".

Xəbər xətti