Azərbaycanda Ramazan ayı iyunun 7-də başlayacaq və bununla bağlı təqvimdə heç bir dəyişiklik yoxdur.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Onun sözlərinə görə, iyun ayının 6-sı niyyət gecəsidir.
İyunun 24-ü yəni, Ramazan ayının 18-ci günü ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr (əhya) gecəsi 26-sı iyuna (Ramazan ayının 20-ci gününə), üçüncü Qədr (əhya) gecəsi 28 iyuna (Ramazan ayının 22-ci gününə), sonuncu Qədr (əhya) gecəsi isə iyul ayının 2-nə, (Ramazan ayının 26-cı gününə) təsadüf edir.
Bayram namazı isə iyulun 6-da (1 şəvval) qılınacaq.
Xatırladaq ki, Ramazan ayında müsəlman aləmində təqvim birliyini yaratmaq üçün mayın 28-dən 30-dək İstanbulda qurultay keçirilib. Tədbiri Türkiyə Dəyanət İşləri Vəqfi, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsətxanası və İslam Hilalı Müşahidə Layihəsi təşkil edib.
Qurultaya 50 ölkədən, o cümlədən Azərbaycan, Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər qatılıblar. Qurultayda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayev təmsil ediblər.
Tədbirdə qərara alınıb ki, iştirakçı 50 ölkə Ramazan ayının başlama və bitməsi, Qurban bayramı və digər dini bayramlar eyni gündə keçirilsin və bu zaman hicri-qəməri təqvimi əsas götürülsün. Həmin təqvimə əsasən, bu il Türkiyə və başqa ölkələrdə Ramazan ayı iyunun 6-da başlayacaq.