Dünya miqyasında öz yerimizi tutmuşuq

19:11 - 2 İyun 2016 - KİVDF

İqtisadi inkişaf müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir

Azərbaycançılıq güclü dövlət deməkdir. Əsasm məqsəd  ərazi bütövlüyümüzün qorunması, Erməni işğalına son qoyulmasıdır. Xarici siyasətimizin və nəinki xarici siyasətimizin, ümumiyyətlə, siyasətimizin əsas məsələsi də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ctatus-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması deməkdir. Çünki status-kvo Ermənistanı qane edir, onlar sülh istəmirlər. Onlar istəyirlər ki, bu status-kvo əbədi qalsın, danışıqlar sonsuz olsun. Yəni, görüntü, imitasiya naminə danışıqlar aparılsın. Bu, mümkün deyil. Azərbaycan xalqı,  Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. Biz buna heç vaxt imkan verməyəcəyik. O ki qaldı Dağlıq Qarabağda yaşayan ermənilərə, onlar orada necə yaşayırlar, elə də yaşasınlar. Düzdür, Ermənistan rəhbərliyi bizim mövqeyimizi öz xalqına həmişə təhrif edərək çatdırır. Amma mən bir daha demək istəyirəm, bizim mövqeyimiz ondan ibarətdir ki, kim harada yaşayıb orada da yaşamalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib. "Bir daha demək istəyirəm ki, Azərbaycan dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq baxımından nümunəvi bir ölkədir. Sadəcə olaraq Ermənistanın siyasi rəhbərliyi, millətçi qruplar, Azərbaycana daim nifrətlə yanaşan insanlar bütün bu müsbət meyilləri pozmaq, üzərindən xətt çəkmək istəyirlər. Ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil və hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın".
 Azərbaycançılıq həm də ordumuzun gücləndirilməsidir. Bu, əlbəttə, hərbi gücümüzün artırıflmasını gündəmə gətirir. Bu məqsədlə neçə ildir ki, ordu quruculuğu prosesi uğurla gedir. Ordumuzun döyüş qabiliyyəti, maddi-texniki təminat yüksək səviyyədədir. Ən müasir silahlar, texnikalar gətirilir, eyni zamanda, Azərbaycanda istehsal olunur. Azərbaycanda artıq mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Bu gün Azərbaycan Ordusu dünyanın aparıcı orduları sırasındadır. "ən bunu dəfələrlə demişəm. Aprel ayında Ermənistanın törətdiyi təxribat, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı bunu həm Ermənistana, həm bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Biz gələcəkdə bu istiqamətdə əlavə tədbirlər görəcəyik və artıq müvafiq göstərişlər verilib. Mən onları açıqlamaq istəmirəm. Maddi-texniki təminat baxımından və əlavə müasir avadanlıq alınması üçün lazımi tədbirlər görülür. Azərbaycan xalqı əmin olsun ki, bu məsələ daim diqqət mərkəzindədir. Biz öz gücümüzü bilirik, öz gücümüzdən istifadə etmirik, sadəcə olaraq təxribatlara layiqli cavabımızı vermişik, veririk, lazım gələrsə, verəcəyik və çalışacağıq ki, bu məsələ tezliklə və sülh yolu ilə həll edilsin",- dövlət başçısı deyib.
Əlbəttə, bütün bu nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyat olmalıdır. Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük. "2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq. Əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, biz maaşları, pensiyaları 10 faiz artırmışıq. Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni, vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilibdir. Ancaq hələ ki, görüləsi işlər çoxdur".
İqtisadi inkişaf bizim müstəqilliyimizin, hərbi gücümüzün və müstəqil xarici siyasətimizin təməlidir. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik.
Ölkə iqtisadiyyatı dayanıqlı inkişaf etməlidir. Neft amilindən asılılıq aradan götürülməlidir. Hesab edirəm, hələ bizə bir neçə il lazımdır ki, bu hədəfə çataq və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və konkret addımlar atılıbdır ki, bunlar özünü statistik göstəricilərdə də büruzə verəcək.
"Əlbəttə, bu ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. Bizim kifayət qədər maliyyə resurslarımız var. Eyni zamanda, biz xarici bazarlardan maliyyə resursları cəlb etmişik. Özü də qısa müddət ərzində. Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Yəni, bizim xarici borcumuz aşağı səviyyədə, maliyyə vəziyyətimiz və valyuta ehtiyatlarımız isə yüksək səviyyədə olduğuna görə belə imkanlarımız var. Eyni zamanda, biz öz vəsaitimizi qoyuruq və qoymalıyıq. Kifayət qədər böyük vəsaitdir. Ancaq “Cənub” qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır.
“Cənub” qaz dəhlizində iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilir. Bu müttəfiqlik regionumuzdan kənara çıxır. Bu, bizim maraqlarımıza xidmət göstərir. Azərbaycan Avropa üçün əvəzolunmaz tərəfdaşa çevrilir və biz də çox böyük bazar əldə etmiş oluruq. Ona görə “Cənub” qaz dəhlizinin qrafik üzrə icra edilməsi daim diqqət mərkəzindədir. Mənə mütəmadi qaydada məruzələr edilir. Əminəm ki, biz bu layihəni qrafik əsasında icra edəcəyik".
Dövlət başçısı deyib ki, bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi gözlənilir. Bildiyiniz kimi, Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Məndə olan məlumata görə, bu yol bu ilin sonuna qədər açılacaq. Artıq yük göndərən müvafiq tərəflərlə danışıqlar aparılır. Əminəm ki, Asiyadan Avropaya gedən bu ən qısa yol qısa müddət ərzində istifadəyə veriləcək və Azərbaycana çox böyük fayda gətirəcək. İlham Əliyev ildirib ki, bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Bu da qarşıya qoyulan bir vəzifədir. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur. Qalan hissənin yaradılması üçün Azərbaycan gələcək illərdə öz dəstəyini verəcək və o cümlədən maliyyə resurslarını cəlb etməyə hazırdır. Ölkə qarşısında duran əsas vəzifələr bundan ibarətdir. İlin sonuna qədər bütün bu vəzifələr icra olunacaq. Biz 2016-cı ili də uğurla başa vuracağıq. Ondan sonra iqtisadi inkişaf daha da sürətli olmalıdır. Bütün bunlar, bütün bu nailiyyətlər ancaq müstəqillik dövründə mümkün olmuşdur. Müstəqilliyin əhəmiyyəti bu gün göz qabağındadır. Heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, dünya miqyasında öz yerimizi, layiqli yerimizi tutmuşuq. 

 

Xəbər xətti