Bayraq meydanının keçmiş rəisi:"Kifayət qədər pulum olub, heç nəyə ehtiyacım olamayıb"

15:34 - 2 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov, Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova vəsatət verərək bildirib ki, prosesdə audio yazı aparılsın. Lakin vəsatət təmin edilməyib. Məhkəmə istintaqı açıq elan edilib.

Prokuror Ramazan Hadıyev ittiham aktının nəticəvi hissəsini elan edib. Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov özlərinə qəti olaraq təqsirli bilməyiblər. Arzu Məmmədov isə özünü təqsirli bilib.
Rəşad Məmmədov məhkəmədə sərbəst ifadə verib. O bildirib ki,  ona verilən ittihamlar əsassızdır. "2011-ci ildə Dövlət Bayrağı Meydanının rəisi təyin edilmişəm. Mən bu qurumun təşkilatçılığını eləmişəm. İdarənin əsasnaməsi, aparatın iş cədvəli, maliyyə sənədlərinə nəzərat edirdim. Bütün işlər əsasnaməyə uyğun aparıldı. Ölkəmizdə keçiriləcək "Eurovision", ondan sonra keçiriləcək mühüm tədbirlərə hazırlaşırdıq. Böyük ərazi mənə tapşırılmışdı. İşə yalnız mütəxəssislər cəlb edilmişdi. Mən gördüyüm işlərdə heç zaman yanlış eləməmişəm. İşçilərimlə ailə kimi olmuşam. Maaşlarından əlavə onlara mükafatlar da vermişəm. Çox normal olub münasibətlərimiz. Mən bu  gün elədiklərimlə indi fəxr edirəm.  Mənim 6 milyona obyekt aldığımı deyirlər. Mən vəzifəyə gəlməyəndə, məmur olmamışdan əvvəl 10 ilə yaxın bizneslə məşğul olmuşam. Kifayət qədər pulum olub, heç nəyə ehtiyacım olamayıb. Obyektlər arvadımın adına sənədləşdirilib. Yəni mənim dövlətin puluna heç vaxt  ehtiyacım olmayıb".
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov  keçən il may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb. 

Xəbər xətti