Almaniyalı deputatların “erməni sevgisi”

23:36 - 1 İyun 2016 - SİYASƏT

İyunun 2-də Almaniya parlamenti (Bundestaq) “qondarma erməni soyqırımı” ilə bağlı səsvermə keçirəcək. Soyqırımı hüququ baxımdan xüsusilə ağır cinayət hesab edilməklə yanaşı, bütövlükdə bəşəriyyətə utanc gətirən əməldir. Çünki irqi, milli, dini, etnik əlamətlərinə görə insanların öldürülməsi ilk növbədə Allahın iradəsi əleyhinə çıxmağın iyrənc nümunəsidir. Düşünmürəm ki, almaniyalı deputatlar böyük insan sevgisindən vəcdə gəlib belə bir fikrə düşüblər. Çünki, onlar yaxşı bilirlər ki, tarixdə “erməni soyqırımı” adlı bir hadisə baş verməyib. Bunun bir siyasi oyun olduğu şəksizdir. Amma mən bunu tarixin ibrət dərslərindən düzgün nəticə çıxartmamaq kimi dəyərləndirirəm.

Bəşər tarixində baş vermiş hər iki dünya müharibəsini Almaniya başlayıb. Sonda ağır məğlubiyyətə düçar olaraq danışıqsız təslim olmaq haqqında müqaviləni imzalamaq məcburiyyətində qalıb. Dünyada baş vermiş ən böyük soyqırımı aktını Almaniya törədib. II Dünya müharibəsində Almaniya təxminən 6 milyon yəhudi əsilli insanları tükürpədici vəhşiliklə qətlə yetirib. Elə bu yaxınlarda həmin soyqırımı aktını etiraf edərək soyqırımına məruz qalanların varislərinə kompensasiya ödəməyə başlayıb. II Dünya müharibəsində bütün bəşəriyyətə faşizm kimi bir bəlanı “bəxş edən” də Almaniya olub. Bu gün Almaniyada “ikili standartlar” və İslamafobiya təzahürləri kifayət qədərdir. Avropa dövlətləri tərəfindən bombalanaraq viranə qalmış ərəb ölkələrindən Avropaya üz tutmuş qaçqınlara qarşı qeyri-insani münasibətin bariz təzahürünü də Almaniyada görmək mümkündür. Doğurdanmı almaniyalı deputatlar anlamırlar ki, artıq kifayətdir ?

Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan da məsələyə münasibət bildirərək vurğulayıb ki, “bu qanun qəbul olunarsa iki ölkə arasında ticarət, iqtisadi, siyasi münasibətlər zədələnər. Düşünürəm ki, bunların hamısı nəzərə alınacaq”.

Tarixi faktlar hər zaman təsdiqləyir ki, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən ermənilər əslində özləri azərbaycanlılar və türklərə qarşı müxtəlif vaxtlarda soyqırımı  həyata keçiriblər.

Türkiyə dəfələrlə Ermənistana, habelə dünya birliyinə müraciət edərək ermənilərin bu iddiaları ilə bağlı tarixi hadisələrin araşdırılması üçün müştərək komissiyanın yaradılmasını,bu məsələ ilə bağlı bütün arxiv sənədlərinin təqdim edilməsini təklif etmişdir. Hətta Türkiyə Respublikasının rəhbərliyi ermənilərin hər il apreiln 24- ü tarixinin dünyaya “erməni soyqırımı” günü kimi təqdim etmələrinin yalan olduğunu sübuta yetirmək məqsədi ilə Osmanlı dövrünə aid arxivlərin qapılarının da dünyanın bütün tarixçi ailmlərinin üzünə açıq olduğunu bəyan etmişdir. Bu təklifə də cavab verməyən ermənilərin real faktlara əsaslanmadığı, bu qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə istifadə etdiyi indi dünya ictimaiyyətinə yaxşı bəllidir.

Sözsüz ki, bu “qondarma erməni soyqırımı”nı tanıyan ölkələrin rəhbərlərinə də , o cümlədən Almaniyanın deputatlarına da bəllidir. Nə edəsənki, siyasi təsir vasitəsi kimi dövlətlər “ çoxdəfəlik istifadə vasitəsi” kimi  “qondarma erməni soyqırımın”dan istifadə edirlər. Ermənilər də bunnan məmnun olduqlarını heç də gizlətmirlər.

Düşünürəm ki, Almaniya parlamentinin siyasi baxımdan sağlam qüvvələri real gerçəklikləri, habelə tarixin ibrət dərslərini unutmayacaq və ədalətli qərar qəbul edəcəklər.

 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı

Xəbər xətti