Bu gün Xaçmaz rayonunun Ləcət kəndinin sakinləri kənd bağçasının tam təmir olunmasının başa çatmasını qeyd ediblər. Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Sekutanın həyat yoldaşı xanım Anna Sekuta, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İqtisadiyyat nazirliyi, yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri iştirak ediblər. Səfirlikdən verilən məlumata görə, layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.
1955-ci ildə inşa edilmiş Ləcət kənd bağçası o vaxtdan təmir olunmamışdı. Bağçada istilik sistemi olmamış, dam örtüyü və döşəmələr sıradan çıxmış və illər keçdikcə bina yararsız vəziyyətə düşmüşdü. Binanın ümumi yararsız vəziyyəti uşaqlar və müəllimələr üçün təhlükəli şərait yaratmışdı.
EWMI-in dəstəyi ilə, icma üzvləri bağçanı tamamilə təmir edib və davamlı su təminatı üçün 3 tonluq su çəni quraşdırıb. Yeni təmirdən çıxmış bağça 30-dan çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək.
Açılış mərasimi 1 iyun tarixində bütün dünyada geniş qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edir. Bu beynəlxalq gün hər kəsə xatırladır ki, biz uşaq hüquqları naminə ayağa qalxmaq öhdəliyimizə sadiq qalmalı və onları sağlam ev və cəmiyyət, keyfiyyətli məktəb və oynayıb böyümələri üçün təhlükəsiz yerlərlə təmin etmək üçün addımlar atmalıyıq. Hər bir uşaq özünü təhlükəsiz hiss edərək böyüməlidir.
Bu, EWMI vasitəsilə və USAID-in maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən üçüncü bağça təmiri layihəsidir. Ümumilikdə, USAID-in dəstəyi ilə EWMI təşkilatı Azərbaycanın 65 icmasında 100,000-ə yaxın insana fayda verən 75 layihə tamamlayıb. SEDA proqramı vasitəsilə EWMI təşkilatı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti və hökumət qurumları arasında əməkdaşlığı təşviq edir.