Deputat pensiya yaşına çatmış səfirlərin müdafiəsinə qalxdı

18:12 - 31 May 2016 - ÖLKƏ İÇİ

Milli Məclisdə 2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Elmira Axundova mühüm bir məsələni gündəmə gətirdi. O da pensiya yaşına çatmış fövqəladə və səlahiyyətli səfirlərin pensiyasının artırılması ilə bağlı idi: «Bu gün bir məsələni həm sizlərin, həm də müvafiq dövlət strukturlarının diqqətinə çatdırmaq istərdim. Bu da xaricdən qayıdan diplomatların, xüsusən fövqəladə və səlahiyyətli səfirlərin pensiya məsələsi ilə bağlıdır.

Bir misal gətirim, 50 ildən çox diplomatiya sahəsində çalışmış, 10 ildən artıq Azərbaycanın səfiri işləmiş, öz fəaliyyətinə görə həm respublikada, həm də xaricdə yüksək dəyər almış bir səfirimiz vətənə qayıdaraq bu yaxınlarda pensiya məsələsini həll etməyə başladı. Məlum oldu ki, onun pensiyası yaşayış minimumundan azca yuxarı, yəni 300 manatdan bir az artıq olacaq. Bu məndə təəccüb doğurdu. Axı səfir işi ilk baxışdan göründüyü kimi elə də asan deyil. Əvvəla bu insanlar uzun illər vətəndən, doğmalarından uzaq düşürlər, bir çox halda gərgin vəziyyətdə, qaynar nöqtələrdə işləyirlər, erməni diaspor nümayəndələrinin və açıq düşmənlərimizin hədəfinə tuş gəlirlər, hər bir an respublikamızın imicini şərəflə qoruyurlar. Deməliyəm ki, gənc-müstəqil respublikamızın səfirlər korpusu artıq formalaşıb və nadir hallar istisna olmaqla onların əksəriyyəti dövlətimizə ləyaqətlə, böyük səylə xidmət edirlər.
Hal-hazırda bunlardan bəziləri pensiya yaşına çatıblar. Təəssüflə qeyd etməliyik ki, həm fövqəladə və səlahiyyətli səfirlərə, həm də məsləhətçi, birinci katib və s. statusunda olan Xarici İşlər Nazirliyinin işçilərinə respublikada mövcud olan orta pensiya həddindən də az təqaüd təyin olunur, 150-300 manat arası. Bunun bir sıra subyektiv və obyektiv səbəbləri var. Lakin hər halda belə vəziyyət xoşagəlməzdir. Hal-hazırda Azərbaycanda pensiyaların həcmi Prezidentin sosial siyasəti nəticəsində əhəmiyyətli dərəcədə artmaqdadır. Məsələn, dövlət qulluqçuları, hüquq mühafizə sistemində işləmiş şəxslər, biz deputatlar və başqa qrup insanlar yüksək pensiyalar alırıq, buna görə də dövlət başçısına minnətdarıq. Diplomatiya sahəsində işləyən insanlar da seçmə insanlardır, bir neçə dil bilən, dərin biliklərə malik olan şəxslərdir, diplomatiya sahəsinə gələrkən uzun yoxlamalardan, süzgəclərdən keçirlər. Buna görə düşünürəm ki, onlar da öz statusuna uyğun sanballı pensiya almağa layiqdirlər. Bunları nəzərə alaraq Maliyyə naziri Samir Şərifovdan və Xarici İşlər naziri Elmar Məmmədyarovdan xahiş edərdim ki, bu məsələyə bir daha baxılsın. Diplomatlarımızın pensiyası onların vəzifəsinin səviyyəsinə uyğun hesablansın, layiqli həyat tərzinin davam etdirilməsinə şərait yaratsın».

 

Elməddin

Xəbər xətti