Dövlət qulluğuna qəbulun qaydaları dəyişdirildi - Deputat şərh etdi

17:38 - 31 May 2016 - Cəmiyyət

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında“ qanuna əlavə və dəyişikliklər edildi. Həmin əlavə və dəyişikliklər mahiyyətcə çox demokratik və dövlət qulluğuna qəbul qaydalarının daha da şəffaflaşdırılması baxımından diqqətə layiqdir. Bildiyimiz kimi dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə isə 2 hissədən- test imtahanından və müsahibədən ibarətdir. Lakin, yeni dəyişikliyə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yəni, Dövlət İmtahan Mərkəzi inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək. Təbii ki, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanın təşkili, keçirilməsi, qitmətləndirilmənin aparılması qaydasını və həmçinin test imtahanında iştirak etmək üçün ödənişin məbləğini də müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

“Dövlət qulluğu haqqında” qanunda nəzərdə tutulan əsəs dəyişikliklərdən biri də budur ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verəcək. Həmin sertifikatın qüvvədə olma müddəti isə beş ildir. Yəni, əvvəlki illərdən fərqli olaraq hər hansı dövlət qulluğuna iddialı olan şəxs nəzərdə tutulan test imtahanını müvəffəqiyyətlə verib, lakin 2-ci mərhələ olan müsahibədən keçə bilmədiyi halda, həmin şəxsin növbəti 5 ildə təkrar test imtahanı verməsinə ehtiyac olmayacaq. Belə ki, həmin şəxs yalnız müsahibədə iştirak etməlidir.  Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs isə  dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istədikdə sertifikatın qüvvədə olma müddətinin  son ilində müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən  keçirilən imtahanlarda iştirak edərək yenidən sertifikat almalıdır. Dövlət qulluğuna qəbul edilən şəxs iki dəfə sertifikat aldıqda, həmin şəxsə üçüncü sertifikat ömürlük veriləcək.
Burada dövlət qulluğunda çalışmaq istəyən şəxslərə verilən ən böyük üstünlüklərdən biri də budur ki, şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq hətta bir neçə sertifikat ala bilər. Bu isə o deməkdir  ki, diplom ixtisasına uyğun olaraq dövlət orqanlarına elan olunmuş vakant yerlər uğrunda bir şəxsin eyni zamanda müxtəlif dövlət orqanlarına müraciət etmək hüququ yaranacaq.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edəcək. Öncədən müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, bu haqda bütün məlumatlar dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanın internet saytında və digər kütləvi informasiya vasitələrində veriləcək. 
Müsahibədə isə yalnız sertifikatı olan şəxs iştirak edə biləcək. Belə ki, müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət etməlidir. Eyni zamanda müraciət zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlərin siyahısı müraciətə əlavə edilməlidir. Müsahibə sənədlərin qəbulu başa çatandan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradacaq ki,onun da tərkibi  5 nəfərdən ibarət olacaq. Şəffaflığı daha da artırmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun (Dövlət İmtahan Mərkəzi) 2 nümayəndəsi həmin komissiyanın tərkibinə daxil ediləcək. Bu yeniliyi xüsusilə qeyd etmək lazımdır. Belə ki, müsahibə  komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsas olacaq. Yəni, 5 nəfərdən ibarət komissiya üzvlərindən hər hansı biri digər komissiya üzvləri ilə həmfikir olmadıqda, həmin namizədin işi yenidən araşdırılacaq. 
Müsabiqədə uğur qazanmış şəxslər vakant dövlət qulluğu vəzifəsinə təyin olunmaq üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanın rəhbəri həmin namizədlərdən birini seçərək 6 ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğunluğu barədə tövsiyə təqdim edir. Əgər tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə 3 ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul olunur. Stajçı kimi qulluğa qəbul olunmuş şəxs həmin müddət ərzində Bu Qanuna uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır.
Nəzərdə tutulan əsas dəyişikliklərdən biri də budur ki, vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanın rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaq. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin ediləcək. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılacaq. Şəxsin dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmayacaq. Belə ki, hər hansı bir dövlət orqanında ehtiyat kadr siyahısında olan şəxs eyni zamanda digər dövlət orqanlarına təyin olunmuş müsahibədə də iştirak edə biləcək. 
Bu qanun ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu qanunda nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Belə ki, qanunda nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir. 
Göründüyü kimi dövlət qulluğunun qəbul qaydalarına edilmmiş bütün dəyişikliklər çox mütərəqqi dəyişikliklərdi. Belə ki, həmin dəyişikliklər dövlət qulluğunda çalışmaq istəyən hər kəsə daha geniş hüquqlar verir ki, heç şübhəsiz bu da dövlət qulluğuna qəbul qaydalarını daha da şəffaflaşdırır.

 

Rafael Cəbrayılov,

Milli Məclisin deputatı

Xəbər xətti