Ana səhifə
19 Noyabr 2018

Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir

"Biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik"

1991-ci ildə bərpa edilən müstəqillik böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsuslar olsun ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Ölkəmizi xaos bürümüşdü. Daxili çəkişmələr, anarxiya, silahlı quldur dəstələri meydan oxuyurdu. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bu dəhşətli vətəndaş müharibəsində qardaş qanı axıdıldı. Belə bir vəziyyətdən istifadə edən erməni millətçiləri, Ermənistan işğalçıları torpaqlarımızı işğal etdilər. 1992-ci ildə Şuşa və Laçın, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi əlaqə yarandı.  Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib. Dövlət başçısı bildirib ki, həmin ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi. "O, bu müraciətə öz dəstəyini verdi, hakimiyyətə gəldi və ondan sonra Azərbaycan inkişaf etməyə başladı. Təxminən üç il vaxt lazım idi ki, iqtisadi sabitləşmə təmin edilsin. Biz bunu statistikadan görürük ki, məhz 1996-cı ildə iqtisadi sabitləşmə əldə edilmiş, ondan sonra isə Azərbaycan iqtisadiyyatı inkişaf etməyə başlamışdır. Siyasi sistem yaradıldı, 1995-ci ildə Konstitusiya qəbul olundu, Azərbaycan xarici investorları ölkəmizə dəvət etdi və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf, sabitlik illəri oldu. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu, milli ideologiya - azərbaycançılıq ideologiyası xalq tərəfindən dəstəkləndi. Bu gün biz o illərdə həyata keçirilən işlərin bəhrəsini görürük, əlbəttə ki, Azərbaycanı bu möhkəm təməl üzərində uğurla, inamla irəliyə aparırıq".
Prezident deyib ki, 2003-cü ildən bu günə qədər Azərbaycan Heydər Əliyev yolu ilə gedir, bu siyasətə sadiqdir. "Əlbəttə dünya dəyişir, bölgə dəyişir. Biz indi tam fərqli geosiyasi vəziyyətdə yaşayırıq. Ancaq biz həm xarici, həm daxili siyasətlə bağlı prinsipial seçimimizə sadiqik. Azərbaycanda xalq vahid amal uğrunda çalışır, vahid amal ətrafında birləşib ki, ölkəmizi daha da gücləndirək, xalqımızın rifah halını yüksəldək, Azərbaycanın dünyadakı nüfuzu daha da artsın və biz dayanıqlı, uzunmüddətli inkişaf strategiyamızı icra edə bilək. Buna nail olmaq üçün əlbəttə ki, qarşımızda önəmli vəzifələr durur. Son illər ərzində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapır.
2003-cü ildən bu günə qədər görülən işlər haqqında çox danışmaq istəməzdim. Hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, biz 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq, milli iqtisadiyyat üç dəfədən çox artıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Azərbaycan çox böyük əhəmiyyət kəsb edən transmilli, enerji və nəqliyyat layihələrini uğurla icra edib. Azərbaycan qaz, elektrik enerjisi idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Biz enerji, xüsusilə neft-qaz layihələrinin icrasında liderlik keyfiyyətlərimizi bütün dünyaya nümayiş etdiririk. Biz indi regional nəqliyyat mərkəzinə çevrilirik. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri bir ailə kimi rahat yaşayır. Yəni, bu siyahını uzatmaq olar. Mən görülən işlər haqqında danışsam, saatlarla vaxt lazım olacaq. Əsas məsələ ondan ibarətdir ki, biz görüləcək işlər haqqında danışaq. Çünki möhkəm təməl var. Həm 1993-2003-cü illərdə, eyni zamanda, son illər ərzində əldə edilmiş nailiyyətlər inkişaf üçün möhkəm təməl yaradıb. Biz bu təməl üzərində müstəqil dövlət quruculuğu prosesini davam etdiririk".
Dövlət başçısının sözlərinə görə, daxili siyasətlə bağlı ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik və sabitlik təmin edilməlidir. "Təhlükəsizlik və sabitlik. Bu iki amil olmasa heç bir ölkə inkişaf edə bilməz. Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük, - bu, yüksək qiymətə layiq olmalıdır. Sabitliyə gəldikdə isə, bunun təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan xalqı dövlət siyasətini dəstəkləyir, xalq-iqtidar birliyi möhkəmlənir və əlbəttə, Azərbaycan xalqı ölkəmizin seçiminə sadiqdir. Azərbaycan xalqı istəyir ki, sabitlik möhkəmlənsin, Azərbaycan daha da güclənsin. Ona görə sabitliyin təminatçısı Azərbaycan xalqıdır, onun iradəsidir.
Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya bir vəzifə kimi qoyulur ki, biz gələcəkdə də demokratik inkişafa sadiq olmalıyıq.
Əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük. Ancaq indi bunu bütün dünya görür. Həm MDB məkanında, Avropada, Yaxın Şərqdə, həm də bizim qonşuluğumuzda çox təhlükəli proseslər gedir. Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televizordan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur. Necə ola bilər ki, bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir. Azərbaycanda sabit vəziyyət mövcuddur, xalq rahat, azad şəraitdə yaşayır, amma bu, demokratiya hesab olunmur. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. Bu, artıq dözülməz hala gəlib çatıb. Əlbəttə ki, Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.
Mübarizə üsullarına gəldikdə isə burada da heç bir innovasiya, yenilik yoxdur, köhnə, şablon, trafaret ittihamlar, əsassız iftiralar, uydurmalar, provokasiyalar, yalan, böhtan. Biz artıq bütün bunlara öyrəşmişik. Bunların heç biri bizim siyasətimizə və iradəmizə zərrə qədər təsir edə bilməz. Ancaq mən bir daha demək istəyirəm ki, demokratiya bizim şüurlu seçimimizdir, yolumuzdur. Azərbaycan bu istiqamətdə böyük uğurlara imza atıb, ancaq biz etiraf etməliyik, hələ ki, görüləsi işlər çoxdur. Heç bir cəmiyyət kamil deyil. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik". 
(ardı var)

 

Tarix
31 May 2016 [19:18]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin