Ana səhifə
19 Sentyabr 2018

Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi

 Fəxri xiyabanda görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak edirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Habil Əliyevlə bağlı xatirələrini bölüşdü. Sənətkarın əlamətdar bir gündə – mayın 28-də anadan olduğunu və ömrü boyu ölkəmizin istiqlal dəyərlərinə xidmət etdiyini vurğuladı: “Habil Əliyev 60 ildən artıq bir müddətdə bu xalqın zövqünün yüksəlməsi üçün çalışıb. Dünyanın ən ucqar məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz olan insanlar Habilin ifasını dinləyəndən sonra Şərqi, Azərbaycanı, muğamımızı, musiqimizi tanıdılar və sevdilər”.
Qeyd olundu ki, Habil Əliyevin sənətə gəldiyi dövrdə kamança sənətimiz məkrli qüvvələrin əsarəti altında idi: “Nankor ermənilər insanların şüurunda sanki bir inhisar yaratmışdılar ki, kamançaya azərbaycanlılar yaxın düşməsinlər. Habil Əliyev təkbaşına illərdən bəri görülməyən işi gördü və bir örnək yaratdı. O, kamançamızı xilas edərək Azərbaycanın olduğunu isbat etdi. Habil Əliyev həm də o xilaskarlığı ilə istiqlalımıza böyük xidmət göstərdi. Habil Əliyev adının qarşısında “kaman” sözü deyilən yeganə sənətkardır. Onun özü və ifaları xalqın ruhunda, düşüncəsində həmişə yaşayacaq”.
Millət vəkili diqqətə çatdırdı ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, həm də gözəl mahnıların müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Sonra sənətkarın oğlu Rəvan Habiloğlu və nəticəsi Habil tərəfindən abidənin üzərindəki örtük götürüldü. Qəbirüstü abidənin müəllifi tanınmış heykəltəraş Natiq Əliyevdir.
Xalq şairi Nəriman Həsənzadə bu abidədə kamançanın da yer almasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, Habili kamançasız, kamançanı da Habilsiz təsəvvür etmək çətindir. Xalq şairi onun ifasından təsirlənərək yazdığı şeirlərdən bir neçəsini oxudu.
Kamança ustadının ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev Habil Əliyevin yoxluğunun xalq, sənət, musiqi dünyası üçün böyük itki olduğunu söylədi. Sənətkarın şəxsiyyətinə və sənətinə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə, abidənin layihəsinin hazırlandığı ilk günlərdən bütün prosesi öz nəzarətində saxladığına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Qeyd edək ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Ustad sənətkarlar tarzən Qurban Pirimov və xanəndə Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların incəliklərini öyrənib. 50-ci illərin sonunda böyük sənət aləminə qədəm qoyan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin mahir ifaçısı kimi şöhrət tapıb. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib.
Daim ciddi yaradıcılıq axtarışları aparan sənətkar “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.
Milli mədəniyyətimizin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Korifey sənətkar 2015-ci il sentyabrın 8-də, 89 yaşında vəfat edib.

Tarix
28 May 2016 [09:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin