Ana səhifə
24 Sentyabr 2018

İnsan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir

Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması azərbaycançılığın əsasını təşkil edir

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. 1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələr, vətəndaş qarıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdir. Amma ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri olub. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə öz əksini tapıb. Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib ki, ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edir, bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. "Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq öz əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir".
Onun sözlərinə görə, insan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulmuşdur. Bu konvensiyalardan 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və digərlərini göstərmək olar. O deyib: "Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması ilə bağlı idi. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilməlidir. Bu sahədə islahatlar davam etdirilmiş,1998-ci il fevralın 22-də  “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində” fərman imzalanmış və  1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”ı təsdiq edilmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Qanun, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olundu. Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən möhtərəm  Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atmışdır. Onu da  qeyd edək ki,  dövlətimizin başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən 2016-cı ilədək bir çox əfv sərəncamı imzalayıb".
Bu günədək  bir çox amnistiya aktına da imza atılıb.  Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə Milli Məclisə amnistiya aktı ilə bağlı müraciəti Milli Məclisdə qəbul edilib. Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, hazırki amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: "Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib". S.Novruzov bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: "Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcək".
S.Novruzov deyib ki, nəticə etibarilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq: "Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir. Bununla yanaşı, olaraq həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insanlar cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşublar. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi".
 Ümumiyyətlə, insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu, həm də azərbaycançılığın əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk” - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

    

Tarix
27 May 2016 [19:08]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin