Ana səhifə
13 Noyabr 2018

Gənclər vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunur

Onların cəmiyyətin ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradılır

 «Azərbaycan gəncliyi 2011-2015-cu illərdə Dövlət Proqramı»nın qəbulu, Gənclər Fondunun yaradılması müasir gəncliyin  dövlətçilik prinsipləri əsasında, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə olunması, milli-mənəvi  dəyərlərə bağlılıq hisslərinin artırılması, ixtisaslı mütəxəssislərin hazırlanması üçün əlavə islahat və layihələrin tətbiqini sürətləndirir. Gənclərin cəmiyyətin  ictimai-siyasi, iqtisadi- sosial və mədəni həyatında fəallığının artırılması üçün yeni imkanlar yaradır. Dövlət Proqramına uyğun olaraq gənclər arasında işsizlik probleminin aradan qaldırılması, yaşayış sahələri ilə təmin olunması üçün ipoteka kreditlərinin ayrılması, Azərbaycanın indiki dinamik inkişafına uyğun, ən müasir texnologiyaları idarə edəcək mütəxəssis, kadr hazırlığına diqqətin artırılması kimi mühüm amillərə əsas prioritet kimi xüsusi diqqət göstərilir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin yanvarında Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münamsibətilə ölkə gənclərinin biri qrupu ilə görüşündə də bu fikri xüsusi qeyd etmişdir ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin gücləndirilməsində əsas rol oynayırlar. Vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumalıyıq və qoruyuruq. Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənovun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət» kampaniyası çərçivəsində keçirilən tədbirlərdə gənclər fəallıq nümayiş etdirməklə ölkə həqiqətlərimizin təbliğinə öz töhfələrini verməyə çalışırlar. "Dünyanın 70-dən artıq ölkəsində keçirilən tədbirlərdə  iştirak edən soydaşlarımızı təmsil edən azərbaycanlı gənclər birlik, həmrəylik nümayış etdirirlər. Türkiyənin Taksim meydanında, Almaniyada, Böyük Britaniyada, Hollandiyada və digər ölkələrdə  keçirilən aksiyalarda Dağlıq Qarabağ münaqişəsini yaradan səbəblər barədə dünya ictimaiyyətinə əsil həqiqəti catdıran, beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edən gənclərimizin gələcəkdə yaşadıqları ölkələrin parlamentlərində, dövlət strukturlarında təmsil olunması yaxın illərdə reallaşacaq  proqnozlardır. Xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və  cəmiyyətə inteqrasiyası, mədəniyyətlərarası dialoqun təşkilinə, lobbi quruculuğuna  müasir dünyanın tələbləri baxımından diqqət yetirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması kimi aktual məsələlərdə gənclərin fəallığına  xüsusi önəm verilməsi, eyni zamanda etibarlı gələcəyimizin təminatı baxımından vacibdir. Bir əsas məqamı da qeyd edək ki, xaricdə təhsil alan gənclərimiz öz növbəsində Azərbaycanın təbliğatçılarıdır. Gənclərimiz  elmin sirlərinə dərindən yiyələnməklə, təhsil aldıqları ölkələrdə həqiqətlərimizin  təbliğinə xidmət edən layihələrin reallaşdırılmasına, tədbirlərin keçirilməsinə səy göstərirlər. Bu gün harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı belə  güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə  qürur duyur, respubilkamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışırlar. Bir sözlə, Azərbaycanın qısa müddətdə iqtisadi, sosial sahədə əldə etdiyi uğurları müəyyənləşdirilmiş düzgün siyasət və strategiyanın uğurlu addımları kimi dəyərləndirən gənclərimiz dövlətin onlara göstərdiyi diqqəti əməli fəaliyyətləri ilə doğrultmaqla əsil vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai siyasi həyatında  tutduqları sağlam mövqe ilə  təsdiqləyirlər".  
Milli Məclisin gənclər və idman komitəsinin üzvü Elşad Həsənov bildirib ki, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumun Bakıda  keçirilməsi də gənclər ölkəsi olan Azərbaycanda gəncliyə diqqət və qayğının yüksək olmasının göstəricilərindəndir. " Ən möhtəbər Forumların, simpoziumların keçirilməsi üçün Bakının seçilməsi Prezident İlham Əliyevin davam etdirdiyi daxili və xarici siyasətin uğuru, ölkədə  davamlı sabitliyin təminatı, Azərbaycanın dünyada  möhkəmlənən mövqeyinin dəstəklənməsidir. Müstəqil Azərbaycanda gənclər siyasətinin dövlətin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edən möhtərəm  Prezidentimiz  İlham Əliyevin Forum iştirakçılarına təbrikində də  ölkə gənclərinə göstərilən diqqət  və qayğı əksini tapmışdır: « Bu ilk forumun Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə iş sahəsindəki təcrübəsinə verilən qiymət kimi dəyərləndiririk. Hesab edirik ki,  bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin dövlət orqanları və qeyri –hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır».   
Azərbaycanda yeni nəslin təlim-tərbiyəsinə, fiziki sağlamlığına,  dünya görüşünün yüksəlməsinə göstərilən diqqəti yüksək dəyərləndirən BMT Baş  katibinin köməkçisi Maqdi Martinez- Soliman bildirib ki, Azərbaycan fəal şəkildə  gənclər siyasəti proqramlarına qoşulur: «Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, iş yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir.» 
Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğının belə yüksək dəyərləndirilməsi təsadüfi deyil. Azərbaycan gəncliyini yenilməz qüvvə hesab edən ümummilli lider Heydər Əliyevin  yeni nəslin nümayəndələrinə xitabən söylədiyi müdrik kəlamların hər biri özlüyündə dəyərli və qiymətlidir: «Gərək hər bir insan və xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bizim bu gün təhsilimiz də, mədəniyyətimiz də, incəsənətimiz də məhz Azərbaycan  dövlət müstəqilliyinə xidmət edərək əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Azərbaycanın müstəqilliyinin dönməz və  əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir».  
 Elşad Həsənov bildirib ki, Milli Məclisin komitələri sırasına yeni-  Gənclər və idman komitəsinin əlavə olunması da dövlətimizin siyasətində bu sahənin xüsusi yer tutmasının  təsdiqidir. "Gənc idmançılarımızın uğurları da ürəkaçandır. İdmançılarımız 2013-cü ildə dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanmışlar. XXX London Yay Olimpiya oyunlarında idmanın bir neçə növü üzrə qazanılan  medallar bütünlükdə idmanın inkişafına  göstərilən diqqətin və gənclərin fiziki hazırlığının yüksəlməsinin təzahürüdür".
Onun sözlərinə görə, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunları üzrə yarışlarda da idmançılarımız 56 medal qazanmaqla layiqli qələbəyə imza atdılar. Uğurlarımızın davamlılığı hərtərəfli inkişafın göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycanın hər sahədə təcrübəsi nümunə olmalıdır. Yeniləşmə, təkmilləşmə dövlət siyasətimizin əsasını təşkil edir. Bir əsas məqamı da unutmayaq ki, idman eyni zamanda bir siyasətdir. İdmançılarımızın yarışlarda qələbəsi dövlət himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın ucaldılması ilə müşaiyət olunur. Bu, öz növbəsində müstəqil Azərbaycanımızın təbliği, tanıtımıdır. Gənclərimizin sağlam böyüməsinə, idmanın müxtəlif növlərinin inkişafına xidmət edən 40-dan artıq  idman komplekslərinin yaradılması da  bu uğurlar üçün əsaslı təminatdır. Tam mənası ilə demək olar ki, sabahımızın qurucuları olan gənclər onlara göstərilən diqqət və qayğını  vətəndaşlıq mövqelərinə, dövlət siyasətinə sadiqliyi ilə doğruldurlar. Hərtərəfli inkişafa xidmət edən qanun layihələrinin hazırlanması və qəbulu digər komitələr kimi Gənclər və İdman komitəsinin də fəaliyyətinin əsasını təşkil edir. Məqsəd gənclərin potensial imkanlarının ortaya qoyulmasına şərait yaratmaq, Azərbaycanın davamlı, dayanıqlı inkişafına töhfəmizi verməkdir". Bunlar isə azərbaycançılıq ideologiyasının əsasında durur. 

 

Tarix
24 May 2016 [19:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin