Ana səhifə
18 Noyabr 2018

Heydər Əliyev hər şeydən əvvəl azərbaycançı idi

Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır

Ümummilli lider Heydər Əliyevin 1993-cu ildə hakimiyyətə qayıdışından  sonra Azərbaycanda istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər yarandı.  İdeoloji sahədə ciddi dəyişikliklər oldu, yeni , azərbaycançılıq ideologiyası aparıcı qüvvəyə çevrildi. Onun banisi isə Heydər Əliyev idi.  Məhz ümummilli liderin sayəsində  Azərbaycanda sabitlik yaratmaq, insanları bir ideologiya ətrafında birləşdirmək mümkün oldu. Bu isə heç də asan olmadı.  Bu barədə Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, 1990-cı illərin əvvəlində müəyyən qüvvələr Azərbaycan xalqının Ümummilli lideri haqqında çirkin təbliğat aparırdılar. Deyirdilər ki, o kommunist olub, sovet respublikalarından birinə rəhbərlik edib. Hətta belə bir konyuktur iddia irəli sürürdülər ki, guya Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın demokratikləşməsi istiqamətində gedən prosesin qarşısını alacaq. "Amma bütün hallarda onlar Heydər Əliyevin böyük şəxsiyyət olması reallığını inkar edə bilmirdilər. Hətta ən inkarçı adam belə, bilirdi ki, Heydər Əliyev böyük şəxsiyyət idi. Amma heç kəs deyə bilməzdi ki, Heydər Əliyev ölkədən hansısa neqativ hallar üçün istifadə edib, çünki Heydər Əliyev Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyət göstərdiyi dövrlərdə ancaq quruculuq işləri ilə məşğul olub. Ona görə də, Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan artıq müstəqil dövlətdir və həm daxili, həm də xarici siyasətdə müstəqil hərəkət etməlidir. Amma Ulu öndər Heydər Əliyev onu da yaxşı bilirdi ki, yeni tarix əvvəlki tarixin davamıdır. Yəni, xalq kökündən dəyişilməyib, Azərbaycana başqa xalq gətirilməyib, əvvəlki xalq tarixə çevrilməyib. Və bu xalqı da Heydər Əliyev yaxşı tanıyırdı. Ona görə də, Heydər Əliyev üçün yeni dövr nə qədər yeni olsa da, O, əvvəllər gördüyü işləri yeni tarixi şəraitdə davam etdirdi. Bilirsiniz ki, Onun gördüyü böyük işlər, planlar, istiqamətlər var idi və bu proqramlar, tamamilə inkar olunardısa, istər-istəməz xalqı bir yerə toplamaq, yeni dövlət quruculuğu proqramı həyata keçirmək, iqtisadiyyatı dirçəltmək, cəmiyyəti, onun milli - mənəvi gücünü toplamaq mümkün olmazdı. Ənənə davam etməli idi. Heydər Əliyev hər şeydən əvvəl azərbaycançı idi. Heydər Əliyev azərbaycançılıq ideyasını həyata keçirmiş bir dövlət xadimi olaraq Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. ümumiyyətlə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı". 
 Deputat bildirib ki, Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra, bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil.
"Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdir ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir",- Nizami Cəfərov deyib..
Onun sözlərinə görə, bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub.  Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu gün də bu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Əminliklə demək olar ki, regionların inkişafı ilə bağlı dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.
Regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların növbəti mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa,  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.
 Sevinc Hüseynova bildirib ki, həyata keçirilən tədbir işsizliyin və yoxsulluğun aradan qaldırılmasında  önəmli rol oynayır. " Əlbəttə ki, bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüzminlərlə yeni iş yeri yaradılıb". Onuün sözlərinə görə, regionların sosial-iqtisadi inkişafını şərtləndirən  Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta bir sıra inkişaf etmiş ölkələri qabaqlayır. Hazırda da bu istiqamətdə tədbirlər davam edir və başlıca məqsəd əhalinin məşğulluğunun təmin olunmasıdır".
Göründüyü kimi ölkəmizdə böyük quruculuq işləri həyata keçirilib və vətəndaşların sosial rifah halı əvvəlki dövrlərlə müqayisə olunmayacaq qədər yüksəkdir. Qazanılan bu uğurlar yalnız regionların inkişafında deyil, bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Ümummilli lider Heydər Əliyevin ideyaları isə həmişə bu inkişafın önündə gedəcək.

 

Tarix
20 May 2016 [19:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin