Ana səhifə
21 İyun 2018

Problemli kreditlər regionlarda banklara daha çox təhlükə yaradır

Samir Əliyev: “Regionlarda bank strukturlarının saxlanılması banklara baha başa gəlir”

 

 

Sentyabr ayında banklarda problemli kreditlər 34,4 milyon manat artıb.

Mərkəzi Bankın yaydığı məlumata görə, avqustda 938,8 milyon manat olmuş problemli kreditlər, sentyabrın sonunda 973,2 milyon manata yüksəlib.

Ümumiyyətlə, bu ilin 9 ayında vaxtı keçmiş kreditlərin həcmi 180,4 milyon manat və ya 22,7 faiz artıb. Halbuki, ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlərin həcmi cəmi 46,2 milyon manat artıb.

Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 5,5 faiz təşkil edir.

Müqayisə üçün qeyd edək ki, bu ilin 9 ayı ərzində cəmi kreditlər 2 milyard 208 milyon 700 min manat və ya 14,3 faiz artaraq oktyabr ayının 1-nə 17 milyard 631 milyon 600 min manata çatıb.

Xatırladaq ki, ötən həftə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov cəmiyyətdə geniş müzakirə olunan problemli kreditlər mövzusuna dair öz fikirini bildirib. O hesab edir ki, problemli kreditlər banklara problem yaratmır. Çünki banklar belə kreditlərin 80 faizi qədər öz gəlirləri hesabına ehtiyat yaradıblar.

Mərkəzi Bankın sədri qeyd edib ki, problemli kreditlər bankların cəmi kredit portfelinin 6 faizindən azdır. Bu da, başqa ölkələr ilə müqayisədə olduqca aşağıdır. Təbii ki, portfelin strukturunda istehlak kreditlər üzrə daha çox problemli kreditlər var. Amma yenə də banklar gəlirləri hesabına ehtiyatlar yaratdığından bu banklara problem yaratmır. Bu və digər sualları iqtisadçı ekspert Samir Əliyev cavablandırdı.

 

- Problemli kreditlər doğurdan banklara təhlükə yaratmır?

 

 - Mən elə deməzdim. Problemli kreditlərin həcminin artması bank sektoru üçün təhlükəlidir. Çünki xarici banklardan kredit götürən yerli bankların öhdəliyi var. Bank verdiyi krediti ala bilmirsə, deməli xarici bankdan götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Bunlar bir birindən asılı olan zəncirvari məsələdir. Azərbaycanda kredit qoyuluşunun coqrafi strukturuna baxanda 90 faizdən çoxu Bakı, Abşeron və Sumqayıtın, 10 faizi regionların payına düşür. Regionlarda kreditlərin faiz dərəcəsi də yüksəkdir. Bakıda ortalama bu göstərici 16-17 faizdirsə, regionlara bu göstərici 20-22 faizə çatır. Hesab edirəm ki, regionda problemli kreditlərin yaranması bank üçün daha təhlükəlidir. Çünki regionlarda bank strukturlarının saxlanılması banklara baha başa gəlir. Bankların regionlarda filiaları özünü doğrultmur və hamısı dotasiya ilə işləyir. Bu da problemli kreditlərin yaranması birbaşa təsir göstərir. Bank kredit ayıra bilmir. Çünki pul geri qayıtmayanda bu banklar üçün problemdir. Bu gün rəsmi göstəricilər bankların vəziyyətinin təhlükəli olduğu göstərir. Onlar bu haqda düşünməlidir və bunun qarşısı alınmalıdır.

 

- Problemli kreditlərin artmasına baxmayaraq banklar nədənsə istehlak kredit verilməsinə məhdudiyyət tətbiq etmir?

 

- İstehlak krediti ayıran bankın ilk dəfə banka kredit üçün müraciət edən müştəriyə gözübağlı 1000 manat məbləğində kredti ayırması belə səhvdir. Bank ilk dəfə ona müraciət edən müştəriyə gəliri ilə bağlı dəqiq məlumat olmadığı halda yüksək məbləğdə kredit ayırdıqda diqqətli olmalıdır. Düzdür, indi banklar müştəri seçimində ehtiyatlılıq nümayiş etdirirlər. Mərkəzi Bank yanında fəaliyyət göstərən məkəzləşdirimiş kredit reyestri imkan verir ki, müştəriləri düzgün qiymətləndirə bilsinlər. Oradan hər bir müştərinin başqa banklara borclu olub-olmadığı, davamlı ödəyib-ödəmədiyi haqda məlumat əldə edirlər. Amma ilk dəfə banka müraciət edən müştərinin ödəmə qabiliyyətini qiymətləndirmək üçün bu imkanlar olmadığından, kredit mütəxəssisi müştərinin gəliri ilə bağlı dəqiq məlumatlar toplamalıdır. Əgər müştərinin rəsmi əmək haqqı ondan vacib xərclər çıxılmaqla, krediti ödəməyə imkan verirsə kredit ayrılmalıdır.   

Xarici ölkələrdə bankların müştərilərin əmək haqqından, digər gəlirlərindən səhiyyə, istirahət xərclərini çıxmaq bizə gülünc gəlsə də, bu şərtlər çox normaldır. Çünki, normalda insan səhhətində yaranan ciddi problemə görə, əməliyyat edilə, xəstəxanaya düşə bilər. Eləcə də, hər bir insan iş əmsalını artırmaq üçün ən azı ildə bir dəfə istirahət etməlidir ki, bu da müəyyən xərc tələb edir. Bizdə isə banklar çox təəssüf ki, müştərinin bir neçə banka krediti olduğunu görə-görə, ona əmək haqqının yarısı məbləğində kredit ayırırlar. Belə halda təbii ki, müştəri xəstələnərsə, eləcə də istirahət üçün əmək haqqından, gəlirindən pul xərcləyərsə, banka kredit ödəməsində problemlər yaranır. Ona görə də, bankların müştərinin bu xərclərini gözə alması, onu əmək haqqından istifadə edilən xərclərə daxil etməsi vacibdir. Bankların bəzən bu xərcləri nəzərə almaması nəticədə problemli kreditlərin artmasına səbəb olur. Bəzən müştəri ödəyə bilməyəcəyi həcmdə kreditin altına girir ki, nəticədə bankın ona ayırdığı kreditin faizini güclə ödəyir: "Bu gün banklar çox yüksək faizlə kredit ayırır. Müştəri kredit üçün müraciət edərkən götürdüyü kreditin üçdə biri qədər fazi ödəyəcəyini əvvəldən gözə almalıdır. Əgər gəliri, xərcləri çıxılmaqla buna imkan verirsə kredit üçün müraciət etməlidir.  

 

- Mərkəzi Bank sədri Elman Rüstəmov qeyd edir ki, qısamüddətli perspektivdə respublikada biznes kreditləri üzrə dərəcələrin birrəqəmli səviyyəyə qədər azalmasını gözləmək olar...

 

- Faiz dərəcəsinin bir rəqəmli olması, istər-istəməz daha çox sahibkarın öz istehsalını yaratmaq, yaxud da genişləndirmək üçün banka müraciət etməsinə imkan verəcək. Amma məsələ ondadır ki, banklar hələlik krediti əhaliyə iki rəqəmlə ölçülən faizlərlə verir. Bəlkədə müəyyən tədbirlərə əl atmaqla biznes kreditinin faiz dərəcəsinin 1 rəqəmli həddə endirilməsi mümkündür. Ancaq iqtisadiyyatda istehsal sahələrinin inkişaf etdirilməsi kimi aktual məsələnin həllini sürətləndürməkdən ötrü, əlçatan biznes kreditləri olmalıdır. Faiz problemini həll etmək üçün sistemli şəkildə islahatlar aparılmalıdır. O islahatlar 2015-ci ilin yanvarın 1-dən bankların kapitalının artırılması istiqamətində atılacaq addımla başlamalıdır. Digər tərəfdən, rəqabət mühitinin yaradılması, bu sistemdə hamıya məlum çatışmamazlıqların aradan qaldırılması istiqamətində islahat xarakterli kompleks tədbirlər həyata keçirilməlidir. Yəni nizamnamə kapitalının artırılması istiqamətində atılan addımlar faiz dərəcəsinin aşağı salınmasına yönəlik tədbirlərlə tamamlanmalıdır.

 

- Mərkəzi Bankın nizamnamə kapitalını artırmaq tələbinin qüvvəyə minməsinə 2 ay qaldı. Bu tələbi yerinə yetirməyən bankların bağlanması və ya birləşdirilməsi gözləniləndir?

 

- Mərkəzi Bankın 2012-ci ildə banklarla bağlı verdiyi qərar indi də qüvvədədir. Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən banklar 2015-ci il yanvarın 1-nə qədər məcmu kapitalın həcmini 50 milyon manata çatdırmalıdır. Əks təqdirdə, həmin bankların aqibəti sual altında qala bilər. Hazırda ölkədə fəaliyyət göstərən 44 bankın əksəriyyəti öz kapitalını 50 milyon manata çatdırıb. Amma 10 bank həmin kapitalı tələb olunan məbləğə çatdıra bilməyib. Qarşıda 2 ay var, yəqin ki, həmin banklar o tələbi yerinə yetirməyə çalışacaqlar. Hazırda bağlanma ehtimalı böyük olan 4-5 bank var, amma sayın artma ehtimalı da böyükdür.

Bank bağlanmaq istəmirsə, başqa bir banka birləşərək fəaliyyətini davam etdirə bilər, ya da bank olmayan kredit təşkilatlarına çevrilər. Birləşmə o halda mümkündür ki, birləşməsi nəzərdə tutulan 2 bankın birlikdə məcmu kapitalı 50 milyon manat olsun. Fikrimcə, 2015-ci il yanvarın 1-nə qədər məcmu kapital həcmini 50 milyon manata çatdıra bilməyən bank başqa bir banka birləşərsə, o halda əmanətlərin verilməsilə bağlı hər hansı problem yaranmayacaq. Problem iki halda yaranacaq. Əgər bank bazarı tam tərk edərsə, yaxud bank olmayan kredit təşkilatına çevrilərsə, vətəndaşların əmanətlərinin geri qaytarılmasının aqibəti sual altında qala bilər. Məlum olduğu kimi, bank olmayan kredit təşkilatlarının əmanət cəlb etmək hüququ yoxdur, yalnız kredit verə bilər.

 

 

Əfsun

Tarix
4 Noyabr 2014 [19:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin