Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanın dünya miqyasında imici artır

Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşıb

Bugünlər Azərbaycan növbəti bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi belə bir nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin kökündə Azərbaycanın dünya miqyasında artan imicinin göstəricisidir. Azərbaycançılıq ideologiyasının əsas məqsədlərindən biri də ölkəmizin beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsidir. Forumda sivilizasiyalar arasında dialoqun, multikulturializmin dünyanın indiki mürəkkəb şəraitində nə qədər vacib olduğunu bir daha vurğulandı.  Azərbaycan Respublikasının Prezidentinin 2016-cı ili ölkəmizdə «Multikluturalizm ili» elan etməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşıb, Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub. İkincisi ona görə ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Üçüncüsü ona görə ki, beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac vardır. Bu sözləri  Milli Məclisin deputatı Nizami Cəfərov deyib. Onun sözlərinə görə, multikulturalizm bəşəriyyət və hər bir bəşər övladı üçün genetik baxımdan təbii bir hadisə olmalıdır. "İlk növbədə ona görə ki, bu gün bəşəriyyəti fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya  proseslərinin ümumi məntiqində əks olunur. Fikrimizcə, Azərbaycanın multikulturalizmin tarixi vətəni olması özünü ilk növbədə aşağıdakı sferalarda və ya birgəyaşayış münasibətlərində göstərir: etnoqrafik münasibətlər; dil-ünsiyyət münasibətləri; dinlərarası münasibətlər; sosial-siyasi münasibətlər. Məlum olduğu kimi, Azərbaycanda ən qədim dövrlərdən həm Qafqaz, həm İran, həm də türk etnosları məskunlaşmışlar. Bu məskunlaşma prosesinin çoxspektrli yekunu müasir Azərbaycan cəmiyyətidir ki, müxtəlif etnosların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasının klassik təcrübələrindən birini nümayiş etdirir".
Nizami Cəfərov deyib ki, multikulturalizmin Azərbaycan təcrübəsi sübut edir ki, müxtəlif mənşəli etnoslar eyni, yaxud oxşar etnoqrafik məkan yaratmaq  imkanlarına malikdirlər, öz dillərinin ünsiyyət sferasını qorumaq şərtilə regionda daha geniş yayılmış Azərbaycan dilindən ümumi ünsiyyət vasitəsi kimi rahat istifadə edirlər, hər bir din təmsilçisi digər dinlərə mənsub olan azlıqlara tamamilə dözümlü yanaşır və eyni sosial-siyasi münasibətlərin subyekti olmaqla Azərbaycan Respublikasının vətəndaşıdırlar. "Ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində yerli etnoqrafik mühitlərin qorunması və inkişaf etdirilməsi həmişə  əsas olub. Bu gün isə yeni tarixi imkanlar şəraitində bu siyasət daha yüksək texnologiyalar səviyyəsində davam etdirilməkdədir,- o deyib.
Onun sözlərinə görə, bu gün Heydər Əliyev siyasətini Azərbaycan Prezidenti  İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan təcrübəsində multikulturalizmin istinad nöqtəsi, təbii ki, sivilizasiyanın məhsulu və subyekti olan insandır. Sosial-siyasi münasibətlər “mən”i inkişaf etmiş cəmiyyətlərdə, hər şeydən əvvəl, vətəndaşdır. Ona görə də müasir dövrdə insanın ən mühüm  göstəricisi məhz bundan ibarətdir ki, həmin ən mühüm  göstəricini insan və dövlət münasibətləri müəyyən edir. Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməllənməsini təmin edir. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşı  müəyyən təbii etnoqrafik mühitin subyekti olmaqla hər hansı etnoqrafik mühitə hörmət edir, müəyyən dil-ünsiyyət mühitinin subyekti olmaqla digər dil-ünsiyyət mühitlərinə hörmətlə yanaşır, müəyyən dinə (əsasən İslam dininə) mənsub olmaqla yanaşı digər dinlərə də tolerant münasibət nümayiş etdirir. Eləcə də, Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni həyatında bir vətəndaş olaraq fəal iştirak etməklə yanaşı özünü bu dünyanın övladı hiss edir. Bütövlükdə isə Azərbaycan Respublikasının multikulturalizm siyasəti və təcrübəsi öz zəngin ənənələri  ilə bütün dünyada öyrənilməyə və tətbiq olunmağa tamamilə layiqdir".
Nizami Cəfərov Heydər Əliyevin sovet dövründəki roluna da toxunub. O bildirib ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən ümumən dünyada çox böyük hadisələr baş verdi. "Mən düşünürəm ki, bu hadisələri belə səciyyələndirmək olar ki, dünyada milli azadlıq hərəkatlarının artıq aşkar şəkildə getməsi və imperiyaların dağılması prosesi getdi. O cümlədən, dünyanın ən böyük imperiyası olan sovetlər birliyində də bu istiqamətdə hadisələr cərəyan etdi. Sovetlər birliyinin dağılacağını birliyin rəhbərləri bəlkə də daha yaxşı proqnozlaşdırırdı. Ümummilli lider Heydər Əliyev də belə bir dövrdə dövlət təhlükəsizlik orqanlarında çalışırdı və görürdü ki, sovetlər birliyi daxilindəki millətlərin düşüncələri nədən ibarətdir. Yaxşı bilirdi ki, birlik artıq xeyli dərəcədə öz möhkəmliyini itirirdi. Ona görə də, gənc yaşlarından istedadlı, tarixi yaxşı bilən, tarixi prosesləri düzgün dəyərləndirmə qabiliyyətinə malik bir insan olaraq diqqəti daha çox xalqın milli xüsusiyyətlərinə və onların müdafiəsinə verirdi. Biz bəzən Azərbaycanın Heydər Əliyevi deyirik. Amma Heydər Əliyev o qədər genişmiqyaslı fəaliyyət göstərirdi ki, bu fəaliyyətində də o qədər uğurlu nəticələr əldə etmişdi ki, istər-istəməz Azərbaycanın özü Heydər Əliyevin Azərbaycanına çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin seçdiyi taktika bu məqsədlərə xidmət edirdi: Azərbaycanın iqtisadiyyatını, onun imperiya daxilindəki mövqeyini gücləndirməklə, Azərbaycan keçici qırmızı bayraqlar almalı, Azərbaycan sovetlər birliyi səviyyəsində tanınmalıdır ki, bu tanınma Azərbaycanı dünyaya çıxardan faktora çevrilsin. Heydər Əliyev böyük dövlət xadimi olduğuna və milli maraqları müdafiə etməyin texnologiyalarını yaxşı bildiyinə görə, 1960-cı illərin sonu, 1970-ci illərdə milli inkişaf meyillərinin geniş miqyasda yayılmasına nail oldu. Bir mühüm məsələ də ondan ibarət idi ki, Ulu öndər Azərbaycanı sovetlər birliyində tanınan bir respublikaya çevirdi. Heydər Əliyev bütün gücünü toplayaraq dövlət quruculuğundan daha çox xalq, millət quruculuğu işinə diqqət yetirirdi. Yəni, O bilirdi ki, mütəşəkilli olan bir millət dövlətsiz ola bilməz, gec-tez o, özünəməxsus dövlətini quracaq. Məhz 1980-ci illərin sonlarında xalq hərəkatı baş qaldırarkən hamı bilirdi ki, bu xalq Heydər Əliyevin sayəsində mütəşəkkillik tapıb və ancaq bu iradə bu mütəşəkkilliyi idarə etmək bacarığına malikdir. Çünki Ümummilli lider Heydər Əliyevin xalq, millət quruculuğundakı xidmətləri artıq müəyyən bir tarixə malik idi. Və bu tarix bütün dəqiqliyi ilə göstərirdi ki, bu təmənnasız bir tarix idi. Yəni, Heydər Əliyevin fəaliyyəti, içdən, daxildən gələn, xalqın mütəşəkkillik enerjisini özündə ifadə edən bir fəaliyyət idi və burda heç bir konyuktura yox idi. Amma təbiidir ki, müəyyən məqamlar oldu ki, bu məqamlarda bəzən tarixi şəxsiyyət obyektiv səbəblərdən hadisələrin mərkəzində ola bilmir. Burada hər dövrün öz konyukturasının böyük rolu olur".

Tarix
19 May 2016 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin