Ana səhifə
23 Sentyabr 2018

Azərbaycanda qlobal əhəmiyyətli tədbirlər keçirilir

Multikultural dəyərlər və ənənələr dövlətlər və xalqlararası münasibətlərə də ciddi təsir göstərir 

Bakı həm də qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkandır. Bu qəbildən artıq bir neçə ildir ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu onu göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bu cür tədbirlər multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu təsdiq edir və azərbaycançılıq ideologiyasınınməqsədlərinə xidmət edir. Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev deyib ki, multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. "Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Fond fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində indiyədək ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb",- o deyib.
Onun sözlərinə görə, multikultural dəyərlər və ənənələr dövlətlər və xalqlararası münasibətlərə də ciddi təsir göstərir.  "Bəli, multikultural dəyərlər dövlətlərarası münasibətlərə də sirayət edərək onun inkişafına öz töhfəsini verir. Buna Azərbaycan-Rusiya əməkdaşlığını nümunə göstərmək olar. Yaxın qonşular olaraq Azərbaycan və Rusiya xalqlarının mədəniyyətləri, milli dəyərləri hər iki ölkədə hörmətlə qarşılanır. Bunun əsas əsas səbəblərindən biri Rusiya və Azərbaycan münasibətlərinin zəngin tarixi-mənəvi köklərinin olmasıdır. Bu iki dövlət uzun onilliklər ərzində tarixin əhəmiyyətli bir dövrünü birgə yaradıb. Sivilizasiyanın inkişafına, dünyada sülhün, əmin-amanlığın qorunmasına müştərək xidmət göstərib. Dünya mədəniyyətinə, bu ortaq tarixin məhsulu olan bir-birindən qiymətli incilər bəxş edib. Bu mənada Azərbaycan və rus xalqlarının əlaqələri həm də özündə mültikultural mahiyyət daşıyır.
Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasındakı dostluq və qardaşlıq əlaqələri də Azərbaycan-Rusiya münasibətlərinin yüksək mültikultural etimada əsaslanmasının ən gözəl nümunələrdən biridir. İki ölkə arasındakı sıx münasibətlərə, ortaq mədəni dəyərlərə əsaslanaraq bu əlaqələri daha da inkişaf etdirmək son illər diqqət yetirdiyimiz əsas işlərimizdən biridir. Bu əlaqələrin istiqamətvericisi isə Heydər Əliyev Fondudur. Azərbaycanda mərhəmətin, xeyirxahlığın və humanizmin rəmzi sayılan Fondun təşəbbüsü ilə Həştərxan vilayətində də iri layihələr uğurla icra olunub.
Rus xalqının, o cümlədən Həştərxan sakinlərinin Azərbacyanın ümummilli lideri, Azərbacan-Rusiya əlaqələrinin yeni mərhələdə inkişafının banisi olan və multikultural dəyərlərə böyük önəm verən Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiram sonsuzdur. Bu ehtirama əsaslanaraq Həştərxan şəhərinin mərkəzində, Volqa çayının sahilindəki mənzərəli bağda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin əzəmətli abidəsi ucaldılıb. Abidənin asılışında Prezident İlham Əliyev də iştirak edib. Bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzidir. Həm rusiyalıların, həm də azərbaycanlıların dostluğunun, qarşılıqlı ehtiramının, bir-birlərinin dəyərlərinə hörmətin simvoludur". Bunlar azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biridir. Bundan başqa Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilib, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunub, müasir standartlara uyğun iki yeni korpus inşa edilib və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün bütün şərait yaradılıb, mebel və texniki avadanlıqlarla təchiz olunub.
Prezident İlham Əliyevin təşəbbüsü və Fondun dəstəyi ilə Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsi qoyulub və onun yerləşdiyi ərazidə yeni park salınıb. Həştərxanın Nərimanov şəhərində Nəriman Nərimanovun abidəsinin yerləşdiyi parkın ərazisinin bərpa edilərək abadlaşdırılması, vilayətin mərkəzində “Arzu” uşaq əyləncə şəhərciyinin açılışı, Voljskiy küçəsində ən müasir səviyyədə uşaq bağçasının tikintisinin aparılması, həmçinin digər layihələr Heydər Əliyev Fondunun Həştərxan sakinlərinə töhfəsidir.
Bir məqamı da qeyd edim ki, Həştərxanda «Azərbaycan-Rusiya Dostluq körpüsünün» açılması, Nərimanov rayonunda isə “Bakı və Həştərxan dostluğu” abidəsinin ucaldılması iki qardaş xalqın səmimi münasibətlərinin uğurlu simvolikasıdır. Bu səmərəli əməkdaşlıq və müsbət nəticələri olan işgüzarlıq qarşılıqlı etimadı möhkəmləndirməklə yanaşı, hər iki tərəfdə rəsmi diqqət və təltiflərlə qarşılanıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev şəhər dumasının qərarı ilə «Həştərxan şəhərinin fəxri vətəndaşı» adına, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva «Həştərxan vilayəti qarşısında xidmətlərinə görə» ordeninə layiq görülüblər. Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə Leyla xanım Əliyevanın “III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa Ordeni” ilə təltif olunmasının ən əlamətdar məqamı odur ki, Leyla xanım bu mükafatı alan ilk müsəlman xanımı olmuşdur. Həmçinin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də Azərbaycanın yüksək dövlət mükafatı – “Dostluq” Ordeni ilə təltif olunan Rusiyanın ilk federasiya subyektinin rəhbəri olmuşdur.
Rusiyada azərbaycanlıların yaşamadığı federasiya subyekti, yaxud bir şəhər tapmaq çətindir, eləcə də Azərbaycanda da ruslar geniş məskunlaşıblar. Hər iki xalqın nümayəndələri paytaxtlardan kəndlərə qədər inteqrasiya ediblər. Bunun da əsas səbəblərindən və eyni zamanda münasibətlərin pozitiv məqamlarından biri hər iki xalqın bir-birlərinə, mədəniyyətlərinə, dəyərlərinə tolerant və hörmətlə yanaşmasıdır. Bu mənəvi irsə əsaslanaraq Həştərxanla regional əməkdaşlıqda qarşımızda duran əsas vəzifələrdən biri də tarixi kökləri olan bu ənənəni daha da möhkəmləndirməkdir.
Qeyd edim ki, paytaxtımızın mərkəzi yaşayış məntəqələrindən olan Nərimanov rayonunu multikultural səviyyədə Azərbaycanın kiçildilmiş nümunəsi də hesab etmək olar. Belə ki, ölkəmizin çoxmillətli xarakterik xüsusiyyəti rayonumuza da tam şamil olunub. Burada fərqli xalqların nümayəndələri yaşayır, təhsil alır, işləyir. Onların bütün hüquqları qorunur, milli və dini mərasimlərinin icra etmələri üçün hər cür şərait yaradılır. Nərimanov rayonunu inkişafı və abadlaşması prosesində digər xalqların təmsilçiləri də fəallıq göstərir, bir sözlə, əsl Azərbaycan vətəndaşları olaraq, dövlətə layiqli xidmət edirlər.
Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır".

 

Tarix
18 May 2016 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin