Ana səhifə
20 Sentyabr 2018

Qardaşların yadigarı

Borçalı həmişə sazlı-sözlü diyar olub. Qorqud ruhu yaşayır bu torpaqlarda. Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev Dədə Qorqud ruhu ilə bu torpaqların səsi-sözü olublar, Borçalının sazını-sözünü yaşadanların avazı bu ruhdan yoğurulub.


Dədə Qorqudun göynəyən səsi,
Ulu babaların qəm şikəstəsi.
Telli durnaların həzin nəğməsi,
Bülbülün nəfəsi telli sazdadır.


Aşıq Kamandarın dilindən sazın sehirli müşayiəti ilə səslənib bu misralar. O Aşıq Kamandarın ki, Borçalıda ustalara ehtiram, sayğısı da örnək olub. Saz çalanda havalara, oxuyanda mahnılara can verən Aşıq Kamandarın yaradıcılığında Borçalı böyük Türk dünyasının tarixi salnaməsinin böyük bir fəsli kimi yerini alıb, kimliyini həmişə qoruyacaq bir diyar kimi misralardan boylanıb.


Aşıq, ilhama gəl, məclis oyansın, 
Divani, təcnis de, həzindən oxu.
Ustad Ələsgərdən, Xəstə Qasımdan,
Dastanlarda olan dözümdən oxu.


De şair Nəbidən, Təhlə Novruzdan,
Şair Ağacandan, şair Knyazdan.
Şair Zəlimxandək çoşqun avazdan,
Dədəmiz Əmrahın sazınndan oxu.


Vurğunu ellərdən sor, an, unutma, 
Osman Sarıvəllini bir an unutma,
Dilində əzbərdi Quran unutma,
Keşəli Osmanın özündən oxu.


Aşıq Kamandar 50 illik coşqun aşıqlıq fəaliyyətində böyük bir irs yaradıb. Ruhən Aşıq Əmprahın sənət dünyasına yaxın və onun yaradıcılıqda davamçısı olub. Şeirlərindən də həmişə ustad Əmrahı xatırlayıb, ondan bəhs edib:


Deməyin Kamandar göz yaşın silir, 
Ləlin qiymətini sərraflar bilir.
Mənim bu sənətə yazığım gəlir, 
Sənətdə Əmrahsız qaldı bu dünya.
 

Aşıq Kamandar böyük söz-sənət dəryasıdır. Onun barəsində saatlarla danışmaq, cildlərlə kitablar yazmaq olar. Bu dəfə bu böyük ustadın yaradıcılığına müraciət etməyimizin səbəbi onun layiqli davamçısı Mirzə Alı oğlu Məmmədovun hansı məsuliyyətli və şərəfli bir missiyanı daşıdığına müəyyən qədər aydınlıq gətirmək idi. Borçalının, bu sazlı-sözlü diyarın el sənətinin ağırlığını çiyinlərində bu gün daşıyan və hələ uzun illər daşıyacaq Aşıq Mirzə ustad Kamandarın tövsiyyəsi ilə saza, sözə daha yaxından bağlanır. Fitri istedadı, ədəb-ərkanı, ustadlara sayğısı diqqətdən yayınmayıb Aşıq Kamandarın, Bu gün ustad Kamandar cismən dünyadan köçsə də, ruhən Aşıq Mirzənin sazında, sözündə yaşayır. Ustad Əmrahın ruhu boylanır misralarından. Danışanda sözləri sanki ahənglə, nəzmlə dildən çıxır. O, Borçalıda məclislərin bəzəyidir.
 Onu da deyək ki, Aşıq Mirzə 1954-cü ildə ustad Kamandarın kəndində, Kəpənəkçidə dünyaya göz açıb. Orta məktəbi bitirib, hərbi xidmətə çağrılıb. Ali  təhsçil almaq istəyi olsça da, ailənin böyük olması bu istəyini yerinə yetirməsini əngəlləyib, oxuya bilməyib. Ailədə 8 qardaş, bir bacı olublar. Rustavidə metallurgiya zavodunda işləyib, Alget üzümçülük sovxozundakı mədəniyyət evində çalışıb. Musiqiyə həvəsi onu 1985-ci ildə Tiflisdəki musiqi xoreoqrafiya məktəbinə aparıb. 1989-cu ildə bu məktəbi bitirib, Kəpənəkçidə  mədəniyyət evinə müdir təyin olunub.
Böyük qardaşları Mehmanın, Mərdanın, Söhrabın, Novruzun, Elmanın  gözəl səsi olub. Novruz daha istedadlı olub. Mirzəni də Novruz sazla  dostlaşdırıb, ona saz tellərində sehirli mahnılar ifa etməyi öyrədib. Ancaq sonra Mirzə qardaşlarını itirib. Uzun  müddət əlinə heç bir musiqi aləti almayıb. Ancaq Aşıq Kamandarın, ustad Gülabı Vəliyevin məsləhətlərindən sonar yenə saza qayıdıb. Aşıq Kamandarın etimadını el-obada doğruldub.
Yuxarıda dediyimiz kimi, o, ustadlarını da saz-sözlə yaşatmaqdadır. Dostları da Aşıq Mirzənin istedadını həmişə yüksək qiymətləndirib, bu el sənətkarını, böyük insanı dəstəkləyiblər. Dostu Hümbət Mahmudoğlu da bu qəbildəndir.


Ustadlara hörmət elə, 
Daim yada sal, ay Mirzə.
Al sinənə telli sazı, 
Bir Urfanı çal, ay Mirzə.


Dostu İsmayıl isə Borçalıda aşıq sənətinin yaşamasında onun oynadığı roldan, bu şərəfli missiyanı daşımasından bəhs edir:


Hər yerdə hər zaman gülsün üzünə, 
Səxavətlə qoy Allahın, a Mirzə!
Sevə-sevə kəmərini qurşasın,
Kərəm əli, ümidgahın, a Mirzə.


Saz-sözündə abu-kövsər qanmışam.
Pərvanədək tək atəşinlə yanmışam.
Bu sənətdə təkcə səni sanmışam,
Davamçısı Xan Əmrahın, a Mirzə. 


İsmayıl vurğunudu haqqa binadan,
Aşıq çıxmaz hər saz tutan gədadan.
Bəllidir qiymətin eldən, obadan,
Tanrın olsun qoy pənahın, a Mirzə.


El məclisində Aşıq Mrzənin Kamandar tərzində ustad Əmrahdan oxuduğu sözlərlə bitiririk yazdıqlarımızı. Bunun özü də Aşıq Kamandarın sazında ustadların sözünü yaşadan Aşıq Mirzə ilə bağlı seçimdə yanılmadığını bir daha  göstərir.  Aşıq Mirzə  məclislərdə canlı ifasıyla bu ustadları öz misraları ilə yenidən canlandırır.


O mənim elimdir. Mənim Vətənim,
Adı çəkiləndə əsir bədənim.
Hər gələn mehmana hörmət edənim,
İnsanların xası  Kürüstündədir.


Borçalı bulağı, Kürün qırağı,
Bütün mahallarda bəlli sorağı.
Marallar ovçusu, laçın yaylağı,
Elin xoş sədası Kürüstündədir.


Aşıq, nə deyirəm, başa düş məni, 
Qəriblik sözünə olmaram qəni.
Bu Aşıq Əmrahın ana Vətəni,
Anamın laylası Kürüstündədir.

Tarix
11 May 2016 [16:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin