Ana səhifə
20 Sentyabr 2018

Azərbaycançılıq ideologiyası milli həmrəyliyin aparıcı amilinə çevrilib

Milli birlik respublikamızın ən qiymətli mənəvi –ideoloji sərvətlərindən biridir
Azərbaycan xalqı bəşər sivilizasiyasına mühüm töhfələr vermiş dünyanın ən qədim xalqlarından biridir. Xalqımızın 3 min illik dövlətçilik tarixi və bu tarix ərzində formalaşmış milli dövlətçilik ənənələrinin dərin kökləri vardır. Tarixi Azərbaycan torpaqlarında 40-a qədər müxtəlif dövlətlər mövcud olub. Məlumdur ki, hər bir millət genetik olaraq ulu əcdadlarından ona miras qalmış qan yaddaşının –milli hisslərin, milli xarakter və psixologiyanın, adət-ənənənin, bir sözlə milli mənlik şüurunun potensial daşıyıcısıdır. Şüurun bir komponenti olan milli mənlik şüuruna Vətəni sevmək, tarixi keçmişə və soy kökə bağlılıq, öz dilinə və milli mədəniyyətinə hörmət, ehtiram və s.daxildir. İntellektual məhsul olan milli mənlik şüuru milli ideologiyanın əsas komponenti, onun təşəkkülü və formalaşmasının zəruri şərtidir. Öz xalqının rifahı naminə siyasi müstəqillik, mənəvi və mədəni tərəqqi, xalqın həyat şəraitinin praktik müdafiəsi və yaxşılaşdırılması, xalqın birliyinin təmin edilməsi, ərazi bütövlüyünün, iqtisadi resusların və mənəvi dəyərlərin müdafiə edilməsi milli mənlik şüurunun strukturunu yaradan əsas amillərdir. Milli mənlik şüuru insanın öz Vətəninə yalnız siyasi və hüquqi mənsubiyyətini deyil, həm də mənəvi bağlılığını ifadə edir. Vətəndaşın siyasi iradəsi və fərdi özünəməxsusluğundan asılı olmayaraq doğulduğu andan insanda anadangəlmə milli xarakterin baza əlamətləri olur. “Mən” fenomenində bir-birinə paralel olan iki meyli müşahidə etmək olar: onlardan biri fərdin digər insanlarla emosional ümumiliyə can atmasında, digəri isə öz unikallığını qoruyub saxlamaq arzusunda, müstəqilliyə, azadlığa can atmaqda, öz şəxsi ləyaqətini qoruyub saxlamaqda ifadə olunur”/
 Ümummilli lider Heyder Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görüb, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürüb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə Azərbaycanın hüquqlarından kənarda yaşayan soydaşımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəlduilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçiilmişdir. İndi siyası baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi –ideoloji sərvətlərindən biridir. Xalqın təhtəlşüurunda ümummilli lider kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmış milli birlik və özünüdərkin fəlsəfi və ideoloji əsası olan “Azərbaycançılıq” ideologiyasını yaratmışdır. Azərbaycançılıq milli özünüdərkin, etnik şüur, qan yaddaşı intibahının fəlsəfi, onun elmi və ideoloji ifadəsidir. “Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək, onun Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın hazırkı dövrünə uyğunlaşdırdı. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi xətti ilə mükəmməl ideoloji bir təlim kimi ölkənin dövlət siyasətinə çevrildi. Ümumiyyətlə, Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu. Azərbaycançılıq ideyası bitkin ideologiya kimi məhz müstəqillik dövründə Heydər Əliyev tərəfindən formalaşdırıldı. Ulu öndərin hakimiyyətə tarixi qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac verdi. Dahi rəhbər böyük inamla dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparması işinə başladı və bu çətin problemi öz dühasının gücü ilə uğurla həll etdi. Bəli, dünya azərbaycanlılarının birliyi, soydaşlarımızın həmrəyliyi ideyası ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərindən biridir. Bu məsələdə xüsusi həssaslıq nümayiş etdirərək ilk addımı ulu öndər atıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə qeyd olunması üçün Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.
Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
Azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirən Heydər Əliyev xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Ulu öndər xarici ölkələrə etdiyi səfərlər zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. "Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir" - deyə ulu öndər bildirmişdir.
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlilərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı.
Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi.
(ardı var)

 

Tarix
4 May 2016 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin