Ana səhifə
22 Fevral 2018

Ərdoğanın aşpazı: “Ən çox antrikotu və quzu ətini sevir”

Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O, həmçinin “dünyanın ən cəld qəssabı” adına layiq görülüb. C. Asanı “ətin professoru” da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları məhz onun məsləhət gördüyü ətləri alır və məhz onun yeməklərini yeyir. Cüneyt Asanın Aile.lent.az-a müsahibəsini təqdim edirik.

 - Bakıya gəlişinizin məqsədi nədir?
 
- Dörd ildir Bakı ilə sıx gəliş-gedişim var. Hətta indi neçənci gəliş olduğunu bilmirəm, çünki çox gəlmişəm. İlk növbədə ona görə ki, Azərbaycanı çox sevirəm, eyni zamanda burada restoranlarım var. Azərbaycan bizim ikinci vətənimizdir. Bu ölkəni sevirik. İki aydan bir Bakıya gəlirəm. İki ay keçən kimi bura üçün darıxıram. Bu dəfə yenə Bakı üçün darıxdım və gəldim. Burada dostlarım çoxdur, gələn kimi görüşürük. Bakı çox gözəl şəhərdir. Hələ gecələr Bakı Parisdən də gözəldir.
 
- Aşpazlığa necə gəlmisiniz?
 
- Türkcə aşpaz qəssab deməkdir, amma aşçı aşpaz deməkdir. Bizim ailəmiz kasıb idi. Ona görə də 10 yaşımdan işləmək məcburiyyətində idim. Məhləmizdə qəssablardan birinin yanında işləməyə başladım. Vaxt keçdikcə çox yaxşı bir qəssab oldum. Hətta Türkiyənin ən yaxşı qəssabı oldum. Sonra isə dünyanın ən yaxşı, ən cəld qəssabı adını aldım. Ətlə məşğul olduğum üçün ətdən hazırlana biləcək yeməklərlə maraqlanmağa başladım. Ona görə də bir restoran açdıq. Getdikcə bu işə də maraq böyüdü və uğurlar qazanmağa başladıq. Ona görə də restoranların sayını artırdıq. Hazırda İstanbulda 43 restoran sahibiyəm. Bakıda iki restoranım var. Dubayda üç, Londonda bir, Nyu-Yorkda da birini açmağa hazırlaşırıq.
 
- Adətən kişi aşpazlar evdə yemək bişirmirlər. Siz necə, evdə yemək bişirirsiniz, yoxsa mətbəxə həyat yoldaşınız nəzarət edir? Yemək bişirən zaman ona məsləhət verirsinizmi?
 
- Mən heç evə gedib çıxa bilmirəm (gülür). Hər gün səhər saat 6-da evdən çıxıram, gecə 2, ya 3-də qayıdıram. Çünki işlərim çoxdur. Həftəsonu belə, ev üzü görmürəm. Hətta bayramlarda da işdə oluram. Ona görə də evdə yemək yemirəm. Hər zaman restoranlarda yeyirəm. Amma əgər evdə olsaydım, mütləq yeməyi özüm bişirərdim. Çünki yemək bişirməyi sevirəm, yaxşı yemək bişirirəm. Əlbəttə ki, xanıma da müdaxilə edərdim.
 
- Belə çıxır ki, xanımınızın əlinin dadını bilmirsiniz.

 
- Etiraf edim ki, çox bilmirəm (gülür). Axı evdə heç yemək yemirəm. Amma bilirəm ki, həyat yoldaşım da gözəl yemək bişirir. Çünki anası da yaxşı aşpaz olub. O da onun qızı olduğu üçün yaxşı yemək bişirməyinə şübhə yoxdur.
 
 - Belə bir söz var, deyirlər ki, yeməyin dadlı olması üçün ona məhəbbət qatmaq lazımdır. Həqiqətənmi yeməyə məhəbbət qatmaq deyilən bir sirr var?
 
- Kənan Doğulunun mahnısı var - “nə yaparsan yap, aşk ilə yap”. Yemək bişirən zaman da onu məhəbbətlə etmək lazımdır. Misal üçün, bir evin xanımı ailəsi üçün yemək bişirir, o, anadır, uşaqları, həyat yoldaşı var. Əgər qadın onları sevirsə, yemək bişirən zaman onlar yeyəcəklər deyə o sevgi, o məhəbbətlə bişirsə, çox yaxşı yemək alınar. Çünki ailəsini sevir, yemək bişirən zaman onların bu yeməyi yeyəcəklərini düşünür. Sevgi qatmaq bu deməkdir. Yeməyi o sevgi ruhu ilə bişirir və təbii ki, yemək də dadlı alınır. Məhəbbətlə yemək bişirən aşpazlar isə qazandıqları çörək pulunu düşünürlər, bu işdən qazandıqları ilə ailəsini sevindirəcəyini düşünərək yemək bişirir. Əgər yeməyi həvəslə, sevgi ilə bişirməzlərsə, yemək dadlı alınmaz və bu zaman evlərinə çörək pulu apara bilməzlər, ailələrinə baxa bilməzlər. Ailəsinin həyatı, güzəranı üçün yeməyi həvəslə, sevgi ilə bişirəcəklər ki, öhdəsindən yaxşı gələ bilsinlər. Bununla yanaşı, həqiqətən də aşpazlığı sevən insanlar da var. Yemək bişirən zaman aşpazlığa olan sevgilərini düşünürlər və sevgi ilə yemək bişirirlər.
 
- Öz bişirdiyiniz yeməkləri özünüz bəyənirsinizmi və dadına baxırsınızmı?
 
- Bütün restoranlarımızda müdirlər, yəni aşpazların başında şeflər var. Hər bir yeməyi müştəriyə təqdim etməzdən əvvəl özləri dadına baxırlar. Əgər bəyənirlərsə, müştəriyə təqdim edirlər. Təbii ki, çox zaman mən yeməklərin dadına baxıram. Amma əlbəttə ki, öz bişirdiyim yeməklərin də dadına baxmalıyam. Bəyəndiyim halda təqdim edirəm.
 
- Belə bir atalar misalı var: “İgid canlı, kabab qanlı”. Bu fikir nə dərəcədə doğrudur? Doğrudanmı kabab yarıbişmiş olmalıdır?
 
- Kabab mütləq yarıqanlı olmalıdır, çox bişirilməməlidir. Çünki kabab çox bişsə, bütün suyu quruyacaq, suyu quruduqda isə dadı, proteini və bütün dəyərlərini itirir. Ət çox bişəndə qanı yox olur və onu öldürmüş olursan. Öldükdə ruhu yox olur, ətin ruhu olmadıqda isə posası qalır, yəni dəyərsiz olur. Bu atalar sözü çox düzgün deyilib.
 
- Bəzi mütəxəsəssislər ətin insanı tez qocaltdığını, bəziləri, əksinə, əzələləri möhkəmləndirdiyini deyir. Ümumiyyətlə, ətin xeyri və ziyanı nədir?
 
- Ət sümükləri gücləndirir, əzələləri möhkəmləndirir, enerji verir, gözləri canlandırır, yanaqları parlaq edir, insan qanlı olur. Ət yeməyən insanlar canlı-qanlı olmurlar, gözləri parlamır, enerjisi olmur. Enerji olmadıqda isə insan heysiz-hərəkətsiz olur. Ona görə ət yemək vacibdir. Xüsusən də uşaqlar mütləq ət yeməlidirlər. Yoxsa inkişaf edə, böyüyə bilməzlər, sağlam olmazlar, zehni qabiliyyətləri zəif olar. Dünyada ətlə qidalanan və otla qidalanan uşaqlar arasında araşdırma aparılıb. Ətlə qidalanan uşaqların otla qidalananlardan dəfələrlə bilikli olmaları sübut edilib. Ət o zaman ziyandır ki, həddən artıq çox yeyirsən və fəaliyyətsiz olursan, onu yandırmırsan. Əlbəttə ki, bütün günü ət yeyib oturduğun halda bu, sənə ziyan verəcək. Amma əgər ət yeyib işləyərsənsə, onu yandırarsansa, əksinə, güclü olarsan.
 
- Elə ailələr var ki, bir gün evdə ətli yemək bişirilməsə, ümumiyyətlə, yemək bişirilməmiş hesab edilir. Hər gün ət yeməyin üstünlüyü və zərəri nədir?
 
- Hər gün ət yemək olmaz. Yeyilərsə, mütləq onun yanında tərəvəzlər olmalıdır. Hər gün nə qədər ət yeyilirsə, bir o qədər də tərəvəz yemək lazımdır. Tərəvəzlər arasında isə yaşıllıqlar bol olmalıdır. Günə 200-300 qram ət yemək olar, artıq yox. Ən yaxşı halda həftədə 3 dəfə ət yemək mümkündür. Ən əsası az bişirmək lazımdır.
 
- Bəs yaxşı ətlə pis əti necə ayırmaq olar?
 
- Bu, çox çətin bir məsələdir. Ətdən yaxşı baş açmaq üçün ilk növbədə əti yaxşı öyrənmək lazımdır. Mən sadəcə yaxşı əti necə ala biləcəkləri barədə məsləhət verə bilərəm. Hər zaman eyni qəssaba getmək, eyni dəzgahdan ət almaq lazımdır. Bu zaman yaxşı seçim edə bilərlər. Çünki artıq qəssab və müştəri nə istədiklərini bilir. Yoxsa təsadüfi yerlərdən, tanımadığın qəssablardan ət almaq olmaz. Çünki bu halda yaxşı ət seçimi etmək mümkün deyil.
 
- Bəziləri qoyun, bəziləri quzu, bəziləri isə mal ətinin tərəfdarıdır. Siz bunlar arasında necə fərq qoyursunuz, hansı daha üstündür?
 
- Məncə, quzu əti mal ətindən daha üstündür. Çünki daha gəncdir. Xüsusən də aprel, may və iyun aylarında quzu əti çox yaxşı seçimdir. Bu aylarda quzu həm anasını əmir, həm də ot yeyir. Süd, ot yedikdə isə əti çox dadlı olur. Həm də 3-4 aylıq quzu kəsildikdə əti yumşaq, ləzzətli olur. Lakin mal elə deyil, 6 ay, 1 il olmadan kəsilmir.
 
 - Azərbaycan mətbəxindən xəbəriniz varmı?
 
- Lülə kababı haqqında məlumatım var. Ən sevdiyim yemək sizin dolma növlərinizdir və pip dolmasıdır. Heç kim dünyada dolmanı sizdən yaxşı bişirə bilməz.
 
 - Türkiyədə Azərbaycan mətbəxinə məxsus yeməklər bişirirsinizmi?
 
- Azərbaycan yeməklərini asanlıqla bişirirəm. Məsələn, tez-tez özümə pip dolma bişirirəm. Burda öyrənmişəm hazırlanmasını. Lakin ətini sizin kimi etmirəm, çünki siz ətləri çox bişirirsiniz. Lülə kababına da quyruq yağını çox qoyursunuz. Çox yağlı olur və insana ağır gəlir. Sizin lülə kababı edirəm, amma yağ əlavə etmirəm.
 
 - Müştəri hər zaman haqlıdır?
 
- Əlbəttə ki, müştəri hər zaman haqlı deyil. Necə ki, müdir həddini, yerini bilməlidir, eləcə də müştəri. Ümumiyyətlə, hər kəs yerini və həddini bilsə, bir-birinə hörmət etsə, heç vaxt problem yaranmaz. Müdir işini yaxşı görəcək, müştəriyə yaxşı qulluq edəcək, müştəri də ona hörmət edəcək.
 
- Müştəriləriniz arasında hansı məşhurların adlarını çəkə bilərsiniz?
 
- Çoxdur. Hörmətli prezidentimizdən başlamış, bir çox siyasətçilər, dövlət adamı, eyni zamanda sənətçilər. Məsələn, Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demek Akalın, Murat Boz, Kənan İmirzalı oğlu və s.
 
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yemək seçimində nə dərəcədə kaprizlidir?
 
- Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir. Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən,  ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Ərdoğan bəyin özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən bizim hazırladığımız sosiskaları çox sevir.
 
 - Ən çox sevdiyi və sevmədiyi yemək hansıdır?
 
- Sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir.  
 
 - Pəhriz saxlayırmı?
 
- Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, həkim nəzarəti altında pəhriz saxlayır. Hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər.
 
 - Türkiyəyə xarici qonaqlar gəldikdə prezidentin xüsusi yemək sifarişləri olurm
u?
 
- Təbii ki. Dünyanın harasından qonaqlar gəlirsə, ilk növbədə, onların istəyi yerinə yetirilir. Lakin xarici qonaqlara, əsasən, türk yeməkləri təqdim edirik. Çünki türk yeməklərini dünyada tanıtmaq istəyirik.
 
 - Ən çox hansı türk yeməyini təbliğ edirsiniz?
 
- Xüsusən ət yeməkləri. Məsələn, incik - quzu ətindən hazırlanır. İncikin qaynadılmış, təndirdə, sobada bişirilmiş formaları təqdim edilir. Buğda ilə döyülmüş forması isə daha çox məşhurdur. 

Tarix
25 Aprel 2016 [15:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ