Ana səhifə
24 Sentyabr 2018

Azərbaycan regionda və dünyada söz sahibidir

Güclü dövlətin qurulması  azərbaycançılığın təməlini təşkil edir
Azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.
Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Bu istiqamətdə ümummili lider ardıcıl siyasət yeridib və bir sıra çətinlikləri aradan qaldırıb. Nəzərə alaq ki, Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi ona olan diqqəti artırır. Bu isə ölkəmizin bugünkü mənayefi baxımından deyil, həm də gələcək maraqları nəzərə alaraq dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq optimal dövlət modeli yaratmağı gündəmə gətirir. Çünki güclü dövlət modelinin yaradılmaması, milli dövlətçilik ideyasının olmaması təhlükəli nəticələrə gətirib çıxarır. Tarixi təcrübə də təsdiqləyir ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha ağrılı və çətin prosesdir. Həqiqətən də 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, bu, əslində, 1993-cü ilin ortalarına qədər formal xarakter daşıyıb. Çünki Ə. Vəzirov, A.Mütəllibov və E.Əliyev rejimlərinin xüsusən xarici siyasət, müdafiə qabiliyyəti və iqtisadi islahatlar kimi sahələrdə diletant idarəçilik metodları və bacarıqsızlığı Azərbaycan cəmiyyətində daxili siyasi qarşıdurmanın kəskinləşməsini son həddə çatdırdı, daxili çəkişmələr və separatçı meyillərin güclənməsi üçün zəmin yaratdı. Belə bir şəraitdə hər hansı uzunmüddətli məqsədlərə nail olmaq naminə millətin sıx birləşməsindən söhbət  gedə bilməzdi və ölkə rəhbərliyinin özü də həmin məqsədlərin nədən ibarət olduğunu aydın dərk edə bilmirdi. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları, ictimai təsisatlar tənəzzülə uğramış, respublika idarəetmə qabiliyyətini itirmiş, iqtisadiyyatın bütün göstəriciləri neqativ meyillərlə xarakterizə olunurdu. Ona görə də 1988 -ci ildən 1993-cü ilədək olan dövrü tam əminliklə qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü adlandırmaq olar. 
Azərbaycanı bu çətin vəziyyətdən ümummilli lider Heydər Əliyev xilas etdi. Onun 1993-cü ildə yenidən hakimiyyətə qayıtması ilə müstəqil Azərbaycan dövlətinin hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi sürətləndi, beynəlxalq normalara və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət oldu. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr oldu.  Güclü dövlətin qurulması  azərbaycançılığın təməlini təşkil etdi. Heydər Əliyevin rəhbərliyi ilə mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsinə, ictimai-siyasi sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyası hazırlandı. Azərbaycanın dövlət siyasəti güclü iqtisadiyyata söykənən güclü dövlətçiliyin təmin edilməsinə, geniş sosial zəminə söykənən, fəal və aydın sosial siyasət yeridən unitar, demokratik dövlət qurulmasına yönəldildi. «Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – deyən Heydər Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycanda siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı. Heydər Əliyevin rəhbərliyi ilə ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsini təmin etmək məqsədilə Milli Neft Strategiyası məharətlə həyata keçirilməyə başlandı. 1994-cü il sentyabrın 20-də dünyanın tanınmış neft şirkətləri ilə imzalanan "Əsrin müqaviləsi"ndən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana marağı artdı. Bu onun siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, beynəlxalq aləmdə mövqeyinin güclənməsinə şərait yaratdı. 
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə azərbaycançılıq məfkurəsinin, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının, hisslərinin güclənməsi və onların real siyasi amilə çevrilməsidir. O, mürəkkəb geosiyasi dövrdə hakimiyyət boşluğunun aradan qaldırılması, separatçılıq təhlükəsinin və silahlı quldur dəstələrinin ləğv edilməsi, Azərbaycanın milli mənafelərini qorumağa qadir, döyüş qabiliyyətli ordunun yaradılması kimi məsələlərin həlli naminə bütün Azərbaycan cəmiyyətini sıx birləşdirə və səfərbər edə bildi. Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu, ölkədə cinayətkarlığın qarşısı tam alındı, bütün qanunsuz silahlı dəstələr ləğv olundu. Bu da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alşdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
 
(ardı var)

 

Tarix
18 Aprel 2016 [15:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin