Ana səhifə
20 Sentyabr 2018

İstilik təchizatı özəl şirkətə verilsə….

İlham Şaban:Əhali 2 min manat verib evlərində “kombi” qurmaqdansa, mərkəzləşdirilmiş və təhlükəsiz xidmətdən yararlanardılar”

 

 

"Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 3500 yaşayış binası istiliklə təmin olunacaq. "Azəristiliktəchizat” ASC-nin  Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin sözlərinə görə, ötən mövsüm respublika üzrə yaşayış binalarının istiliklə təhcizatı 3140 olub: “Bu mövsüm 539 qazanxana və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək. Bu da 2014/2015-ci illər payız-qış mövsümündə 3500 yaşayış binasının,150 səhiyyə müəssisəsinin və 431-ə yaxın digər sosial obyektlərin istiliklə təmin olunmasına imkan verəcək. Bundan başqa, sakinlər tərəfindən müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə "Azəristiliktəchizat” ASC tərəfindən 956 saylı "Qaynar xətt” istifadəyə verilibişdir ki, bu da sakinlərin ərizə və şikayətlərinin qısa müddət ərzində araşdırılaraq istehlakçıların fasiləsiz və keyfiyyətli istilik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda "Azəristiliktəchizat” ASC-nin azeristilik.gov.az saytı fəaliyyətə başlayıb ki, bu sayt vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər. Sakinlər tərəfindən istilik haqlarının ödənilməsinin asanlaşdırılması məqsədi ilə bütün abonentlər kodlaşdırılaraq Azərbaycan Respublikası Mərkəzi Bankının kütləvi ödənişlərin mərkəzləşdirilmiş idarə sistemi olan hökumət ödəniş portalına qoşulub”.

 

Qurum rəsmisi deyir ki, müəyyən edilmiş normalara uyğun olaraq, Azərbaycanın dağlıq rayonlarında isitmə mövsümü noyabrın 1-nə, ölkənin digər rayonlarında isə noyabrın 15-nə təsadüf edəcək: “Bütün lazımi hazırlıq işləri görülüb və hazırda balansımızda olan bütün infrastruktur və qazanxanalar mövsümün başlamasına tam hazırdır”.

İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlama imkanları haqqında bir daha danışan R.Əliyev vurğulayır ki, hələlik  buna ehtiyac yoxdur: “İstilik mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamaq üçün havanın temperaturu bir neçə gün ərzində 6-8 dərəcə və ya aşağı olmalıdır. İstilik mövsümünə tez başlama səbəblərindən biri hava şəraitinin kəskin pisləşməsi də ola bilər və bunun üçün qazanxanaların işə salınması üzrə xüsusi hazırlıq qrafiki mövcuddur”.

“Azəristiliktəchizat” rəsmiləri iddia edir ki, hazırda havanın temperaturu 14-16 dərəcə isti təşkil edir. Bunu əsas götrüb müvafiq olaraq, isitmə mövsümünə nəzərdən tutulmuş müddətdən tez başlamağa ehtiyac görmürlər.
Rəsmilərin dediyinə baxmayaraq Caspian Barrel ekspertləri son günlərin hava temperaturunu araşdırıb. Müstəqil ekspert İlham Şabanın sözlərinə görə, belə ki, Bakda havanın temperatutu gündüzlər 10-11 dərəcə olsa da, gecələr 6-7 dərəcəyədək soyuyub: “Hidrometroloji proqnozlara gəlincə isə, məsələn noyabrın 4-5 tarixində gecə Bakı və Abşeronda havanın 3-5 dərəcəyədək soyuyacağı təxmin edilir. Gündüzlər isə 8 dərəcə ətrafında olacaq. Belə çıxır ki, “Azəristiliktəchizat” ASC üçün havanın hansı temperaturda olması önəm daşımır,  hətta küçədə oktyabr ayında qarın olması belə onlara istilik sisteminin qoşması üçün əsas vermir. Nədən? Çünki onlar Sovet sistemindən qalmış təlimatlarla işləyirlər və ümumiyyətlə, ASC rəsmilərinin ”biz qışa hazırıq” fikrini səsləndirməsi ilə “hazır deyilik” fikri arasında bir təcili gecəyarısı SOS siqnalı ilə təlim keçirilərsə, məlum olar ki, heç bir fərq yoxdur. Məh buna görə də bu dövlət qurumu yarandığı gündən indiyə qədər fəaliyyətində nə bir ciddi addım atıb binaların istilik sisteminin yaxşılaşdırması yönümündə, nə də keyfiyyətin yaxşılaşdırılmasında. Çünki bilir ki, işləsə də, işləməsə də dövlət büdcəsindən vəsait gəlir və necə xərclənməsi ilə əlaqədər ictimaiyyətə heç bir məlumat da vermir”.

İ.Şaban vurğuladı ki, əgər onun yerində kommersiya təşkilatı olsaydı, onda onun marağı yaranardı ki, ildən ilə abonentlərinin sayını artırsın və daha çox vəsait qazansın: “İnsanlar isə onda maraqlı olardılar ki, 2 min manat verib evlərinə KOMBİ-qızdırıcı sistemi çəkdirənə kimi təhlükəsiz, daimi qızdırıcı su sisteminə təminat verən bir xidmətdən yararlanardılar”.
O bildirdi ki, özəl şirkət artıq hava şəraitindən asılı olaraq sistemin qızdırılmasını həyata keçirtmək iqtidarında olardı. Necə ki, qonşu Rusiyada  bunu edirlər və hətta dəhlizləri də qızdırırlar, böyük şəhərlərdə isə isti-soyuq suyun daim olması adi bir şeydir”.

 

P.S. Yazı çapa gedərkən məlum oldu ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti havaların kəskin soyuması və metroloji şəraitin tələbiylə İcra hakimiyyətlərinin sərəncamına uyğun olaraq istilik mövsümü vaxtından əvvəl başlaya bilər. Qərar dünən keçirilən müşavirədə qəbul edilib.

Məlumatda deyilir ki, artıq dağlıq rayonlarda noyabr ayının 1-dən istilik verilməsinə başlanılıb. Bu gündən etibarən isə digər rayonlarda da obyektlərin sosial əhəmiyyətini nəzərə alınaraq, başda internat məktəbləri, doğum evləri, xəstəxanalar, uşaq bağçaları, məktəblər olmaqla mərhələli şəkildə istilik verilməsinə başlanılıb.

 

 

Əfsun

 

Tarix
3 Noyabr 2014 [19:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin